🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azərbaycanda pensiyaçıların sayının az olmasının səbəbləri açıqlanıb

Azərbaycan.media xəbər verir ki, statistik məlumatlara əsasən, Azərbaycanda pensiyaçıların sayı ümumi əhalinin 10,8 faizini təşkil edir. Müqayisə üçün qeyd edək ki, Gürcüstanda bu göstərici 23,8 faiz, Ermənistanda isə 16,6 faizdir.

İqtisadçı ekspert Əkrəm Həsənov mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında bu fərqin bir neçə əsas səbəblə izah olunduğunu bildirib.

Onun sözlərinə görə, əsas səbəblərdən biri pensiya yaşı ilə bağlıdır:
“Azərbaycanda pensiya yaşı qadınlar və kişilər üçün 65-dir. Hazırda qadınlarda pensiya yaşı 64,5 olsa da, iyul ayından etibarən 65-ə qaldırılacaq. Ermənistanda pensiya yaşı 63, Gürcüstanda isə kişilər üçün 65, qadınlar üçün 60-dır. Nəzərə alsaq ki, qadınların sayı kişilərdən çoxdur, bu amil Gürcüstan və Ermənistanda pensiyaçıların sayının daha yüksək olmasına səbəb olur. Azərbaycanda isə faiz nisbəti daha aşağıdır”.

İqtisadçı ikinci səbəb kimi əhalinin yaş strukturunu göstərib. Onun fikrincə, Gürcüstan və Ermənistanda yaşlı nəslin əhalidə payı daha çoxdur:
“Azərbaycan əhalisi orta hesabla daha gəncdir. Bunun da iki əsas səbəbi var. Birincisi, Gürcüstan və Ermənistanda gənclərin ölkəni tərk etmə səviyyəsi yüksəkdir. Onlar əsasən Avropa ölkələrinə oxumağa və işləməyə gedir, təhsildən sonra da orada qalırlar. Bizdə isə bu proses nisbətən zəifdir. Avropada təhsil alıb işləyənlər arasında ermənilər və gürcülər azərbaycanlılardan daha çoxdur”.

Əkrəm Həsənov problemin üçüncü səbəbini isə doğum səviyyəsi ilə əlaqələndirib. Onun sözlərinə görə, Azərbaycanda doğum göstəricilərinin uzun müddət yüksək olması əhalinin gənc qalmasına və pensiyaçıların ümumi payının aşağı düşməsinə təsir göstərib.