Azərbaycan.media xəbər verir ki, Azərbaycanda son iki ay ərzində 8 dövlət qurumu ləğv edilib, oxşar profilli bəzi qurumlar isə birləşdirilib.
Həmin qurumların böyük əksəriyyəti Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərirdi. Noyabr ayından etibarən Naxçıvanda 3 dövlət qurumu ləğv olunub, bir sıra digər qurumlar isə birləşdirilib.
Son dövrlər Naxçıvan Muxtar Respublikasında idarəetmə və institusional strukturda ciddi dəyişikliklər aparılır. Bu dəyişikliklər əsasən dövlət qurumlarının ləğvi, səlahiyyətlərin mərkəzləşdirilməsi və bəzi strukturların birləşdirilməsi ilə müşayiət olunur.
Ləğv edilən qurumlardan biri Muxtar Respublikanın Dövlət Energetika Xidməti olub. 2017-ci ildə yaradılan bu qurum elektrik enerjisinin istehsalı, ötürülməsi və təchizatı ilə bağlı dövlət tənzimləməsini həyata keçirirdi. Lakin Prezident İlham Əliyevin 2025-ci ilin noyabrında imzaladığı sərəncama əsasən, elektrik enerjisinin Naxçıvanda Azərişıq ASC tərəfindən təmin edilməsi qurumun funksional əhəmiyyətini aradan qaldırıb və nəticədə xidmət ləğv edilib.
Qaz təsərrüfatı sahəsində də oxşar proses baş verib. 2025-ci ilin dekabrında Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti ləğv olunub və bölgədə qaz təchizatına bundan sonra Azəriqaz İstehsalat Birliyi nəzarət edəcək. Xidmətin balansında olan əsas vəsaitlər SOCAR-ın Qaz İxrac İdarəsinə verilib. Qeyd edək ki, bu qurum 2019-cu ildə fəaliyyətə başlamışdı.
Sosial sahədə də struktur dəyişiklikləri müşahidə olunub. Naxçıvan Muxtar Respublikasının Tibbi Sosial-Ekspert Komissiyası ləğv edilərək, 2008-ci ildən icra etdiyi əlillik dərəcəsinin müəyyən edilməsi, əmək qabiliyyətinin qiymətləndirilməsi və reabilitasiya ehtiyaclarının təyini funksiyaları Muxtar Respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Bu dəyişiklik sosial ekspertiza mexanizmlərinin mərkəzləşdirilməsi kimi qiymətləndirilir.
Birləşdirmə yolu ilə optimallaşdırma da həyata keçirilib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Naxçıvanpoçt” MMC, “Naxçıvan Telekom” MMC və “Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzi” publik hüquqi şəxsi birləşdirilərək “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC yaradılıb. Yeni qurumun ümumi yığıncağının səlahiyyətləri MR Nazirlər Kabineti və MR İqtisadiyyat Nazirliyinə verilib.
Paralel olaraq, Azərbaycan Elm və Təhsil Nazirliyində də bəzi qurumların ləğv olunması prosesi aparılıb. 2025-ci ilin dekabrında Elm və Təhsil Nazirliyinə tabeli qurumlardan müəyyən strukturlar birləşdirilərək fəaliyyət optimallaşdırılıb. Bu addımlar ölkədə dövlət idarəçiliyinin daha mərkəzləşdirilmiş və effektiv qurulması istiqamətində görülən tədbirlər kimi qiymətləndirilir.
