🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Qanunsuz medalların təsisində ittiham olunan QHT rəhbərləri ilə bağlı istintaq başa çatdı

Azərbaycan.media xəbər verir ki, qanunsuz olaraq medal və döş nişanları təsis edərək çoxsaylı şəxslərə təqdim etmiş qeyri-hökumət təşkilatlarının vəzifəli şəxsləri barəsində ibtidai istintaq tamamlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bir sıra QHT rəhbərlərinin qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb və istintaq aparılıb.

İbtidai istintaqla müəyyən edilib ki, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev, “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev və “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti Sərraf Orucov səlahiyyətləri olmadığı halda müxtəlif adda medal və döş nişanları təsis edərək onları pul müqabilində və şəxsi münasibətlər zəminində çoxsaylı şəxslərə təqdim ediblər. Bu əməllərlə dövlət orqanları tərəfindən xüsusi xidmətlərə görə verilən orden və medallara münasibətdə cəmiyyətdə yanlış təsəvvür və çaşqınlıq yaradılmasına əsaslı şübhələr müəyyən olunub.

Qeyd edilib ki, qanunvericiliyə, o cümlədən “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanuna əsasən orden və medallar yalnız dövlət tərəfindən verilən dövlət təltifləridir. Digər normativ hüquqi aktlarda isə orden və medal ifadəsindən istənilən formada istifadə edilməklə təltif növünün təsis edilməsi qadağandır. Bununla yanaşı, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunda QHT-lərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinin yolverilməzliyi açıq şəkildə təsbit edilib. Buna baxmayaraq, adıçəkilən vəzifəli şəxslər tərəfindən bu tələblərin kobud şəkildə pozulduğu vurğulanıb.

Toplanmış sübutlar əsasında Mehdi Mehdiyev, Füzuli Rzaquliyev və Sərraf Orucov Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər. Onların barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib.

Bundan əlavə, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun tələblərinə zidd olaraq üzvlərinin reyestrini aparmayan və nizamnamələrinə uyğun fəaliyyət göstərməyən “Qarabağ Əlillərinə Qayğı”, “Şəhid Ailələri, Əlillər və Müharibə Veteranlarının Müdafiəsi”, “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı”, “Sabitlik və İnkişaf Mərkəzi” ictimai birlikləri və “Dədə Qorqud” Xeyriyyə Fondu ilə bağlı inzibati icraatlara başlanılıb.

Sadalanan faktlarla əlaqədar həmin təşkilatlar və onların rəhbərləri barəsində İnzibati Xətalar Məcəlləsinin 579-cu maddəsinə əsasən inzibati xəta haqqında işlər açılaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilib.

Eyni zamanda, QHT-lərin qeydiyyata alınması, onların fəaliyyətinin nizamnamələrinə uyğunluğunun yoxlanılması və bu sahədə nəzarətin gücləndirilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi barədə Ədliyyə Nazirliyinə müraciət edildiyi bildirilib.