Azərbaycan.media xəbər verir ki, onlayn mediada Azərbaycan dilinin istifadəsi ilə bağlı problemlər diqqət çəkir. Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli bu mövzunu Mətbuat Şurasının Dil Komissiyasının genişləndirilmiş iclasında gündəmə gətirib.
N.Məmmədli bildirib ki, Azərbaycan dilinin inkişafı və təmiz istifadəsi üçün maarifləndirmə tədbirləri davamlı olmalıdır:
“Azərbaycan publisistikası uzun və mürəkkəb bir yol keçib. Əgər məqsədimiz maarifləndirmədirsə, bunun üçün davamlı fəaliyyət göstərməliyik. Ola bilər ki, bizə hansısa idmançı və ya mütəxəssis lazımdırsa, onu xaricdən gətirə bilərik. Amma ölkəmizə Azərbaycan dilində yaxşı danışan birini xaricdən gətirmək mümkün deyil. Bu səbəbdən mediada praktik yanaşmalara daha çox diqqət yetirilməlidir.”
O, həmçinin onlayn media ilə ənənəvi qəzet nəşrləri arasında dil istifadəsi baxımından fərqlərin olduğunu qeyd edib:
“Onlayn medianın dili hansı standartlara cavab verməlidir? Bu sualın cavabı üzərində işləməliyik. Məqsədimiz mediada dilin vahid və aydın standartlara uyğun istifadəsini təmin etməkdir.”
Natiq Məmmədli vurğulayıb ki, yalnız dil qaydalarının təbliği kifayət etmir, həm də jurnalistlərin peşəkar bacarıqları və yazı praktikaları üzərində işləmək vacibdir. O əlavə edib ki, media qurumları redaktor və müəlliflər üçün təlimlər keçirməli, onlayn platformalarda Azərbaycan dilinin düzgün istifadəsinə nəzarəti gücləndirməlidirlər.
Komissiya iclasında həmçinin Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı gələcək strategiyalar müzakirə olunub, onlayn media üçün stil və dil bələdçilərinin hazırlanmasının zəruriliyi qeyd edilib.
Mənbə: Azərbaycan.media
