Azərbaycan.media xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) yanvarın 12-dən etibarən ilk dəfə Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə müntəzəm sərnişindaşıma xidmətinə başlayacaq.
ADY-dən APA-ya verilən məlumata görə, müasir elektrik qatarı hər gün saat 10:10-da Gəncə Dəmiryol Vağzalından Qəbələ istiqamətinə, saat 18:00-da isə Qəbələdən Gəncəyə hərəkət edəcək. Səfərin ümumi müddəti 1 saat 50 dəqiqədir.
Sərnişinlər Goran, Yevlax, Ləki və Ağdaş stansiya və dayanacaqlarından da istifadə edə biləcəklər. Qatarlar standart, standart+, biznes və birinci sinif üzrə xidmət göstərəcək. Biletlərin minimal qiyməti Gəncə–Qəbələ istiqamətində 4.30 AZN, Ləki–Qəbələ istiqamətində isə 1.70 AZN təşkil edir.
Yeni marşrut Bakıdan Qəbələyə və əks istiqamətdə səfər etməyə də imkan verir. Sərnişinlər Bakı–Qazax qatarı ilə saat 10:50-də Ləki stansiyasına çatıb, daha sonra saat 11:12-də Gəncə–Qəbələ qatarına minərək Qəbələyə gedə bilərlər. Qəbələ–Gəncə qatarı ilə isə saat 18:45-də Ləki stansiyasına çataraq, saat 19:02-də Qazax–Bakı qatarı ilə Bakıya dönmək mümkündür.
Biletləri ADY-nin rəsmi veb-saytı və “ADY Mobile” tətbiqi vasitəsilə almaq olar. Yeni sərnişindaşıma marşrutu regionlararası nəqliyyat bağlantısını gücləndirəcək və daxili turizmin inkişafına töhfə verəcək.
