🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakının 7-ci mikrorayonunda tunelin bağlanması sakinlərə ciddi çətinlik yaradır

Azərbaycan.media xəbər verir ki, Bakıda yeni yol infrastrukturunun təşkili ilə əlaqədar bəzi ərazilərdə sakinlər hərəkət çətinliyi ilə üzləşiblər.

“Qafqazinfo”ya müraciət edən Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsinin sakinləri bildiriblər ki, artıq bir aydan çoxdur həmin ərazidə yerləşən yeraltı piyada tuneli tamamilə bağlanıb. Sakinlərin sözlərinə görə, “Çinarlı Park” yaşayış kompleksi ilə Abay Kunanbayev küçəsinin kəsişməsində aparılan tikinti və layihələndirmə işləri ümumilikdə müsbət addım olsa da, bağlanan tunel onların gündəlik həyatı üçün əsas çıxış yolu olub.

Vətəndaşlar qeyd ediblər ki, bütün marşrut dayanacaqları məhz həmin tunelin yaxınlığında yerləşirdi və hazırda ən sadə ehtiyaclar üçün belə taksidən istifadə etməyə məcbur qalırlar. Tunelin bağlanması nəticəsində sakinlər 1,3 kilometrdən artıq əlavə məsafə qət etməli olurlar ki, bu da yalnız Dərnəgül metrostansiyasına çıxışı təmin edir. Ən yaxın məktəb, bağça, aptek və mağazaların isə təxminən 3 kilometr məsafədə yerləşdiyi bildirilir.

Şikayətçilərin sözlərinə görə, alternativ kimi göstərilən yol piyadaların hərəkəti üçün uyğun deyil, nə təhlükəsizlik, nə də əlçatanlıq baxımından tələblərə cavab verir. Bu vəziyyət xüsusilə yaşlı insanlar, məktəblilər, azyaşlı uşağı olan ailələr və gündəlik işə gedib-gələnlər üçün ciddi narahatlıq yaradır.

Sakinlər vurğulayıblar ki, sözügedən tunel uzun illər ərzində əsas yola təhlükəsiz və qısa məsafə ilə çıxış üçün yeganə əlverişli keçid olub. Hazırda isə tunelin bağlanması və ərazidə aparılan tikinti işləri gündəlik hərəkəti daha da çətinləşdirib. Qış mövsümündə, soyuq havalarda bu çətinliyin daha da artdığı qeyd olunur. Alternativ yolun işıqlandırmasının olmaması və yolun bərbad vəziyyətdə olması da əlavə problem yaradır.

Sakinlər tikinti işlərinin nə vaxt başa çatacağı barədə məlumatlarının olmadığını bildirərək, işlər yekunlaşanadək piyada tunelinin müvəqqəti olaraq yenidən istifadəyə verilməsini və ya təhlükəsizlik tələblərinə cavab verən müvəqqəti piyada keçidinin yaradılmasını xahiş ediblər.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində paytaxtda yeni layihələrin icrasına başlanılıb. Qurumun açıqlamasına görə, layihə çərçivəsində “Çinarlı Park” yaşayış kompleksini Abay Kunanbayev küçəsi ilə birləşdirən avtomobil və piyada tunellərinin tikintisi nəzərdə tutulub və hazırda köhnə piyada keçidi sökülür, ərazi yeni tunellərin inşası üçün hazırlanır. İşlərin bu ilin sonunadək tamamlanması planlaşdırılır.

Agentlikdən bildirilib ki, ərazidə alternativ piyada yolu mövcuddur, lakin məsafə baxımından bir qədər uzundur. Alternativ yolun qaranlıq və şəraitsiz olması ilə bağlı isə qeyd olunub ki, mövcud vəziyyət agentliyi də narahat edir və bu məsələ aidiyyəti qurumlarla müzakirə olunacaq.