🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Prezident İlham Əliyevdən müsahibə alan britaniyalı jurnalist danışdı: “Bu mənim üçün unudulmaz təcrübə oldu”

Azərbaycan.media xəbər verir ki, yanvarın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarının beş əməkdaşına müsahibə verib.

Dövlət başçısına sual ünvanlayan jurnalistlərdən biri Azərbaycanda ingilis dilində yayımlanan beynəlxalq AnewZ telekanalının əməkdaşı Nadia Cani olub. O, jurnalist fəaliyyəti dövründə əsasən Böyük Britaniyada çalışıb və 9 illik peşəkar təcrübəyə malikdir. Nadia Cani BBC News, ITV, Sky News, The Telegraph və Channel 4 News kimi nüfuzlu media qurumlarında fəaliyyət göstərib.

Qeyd edək ki, Nadia Cani 2024-cü ildən etibarən Azərbaycanda fəaliyyətə başlayan AnewZ beynəlxalq ingilisdilli televiziya kanalında çalışmağa başlayıb.

Modern.az-ın məlumatına görə, Nadia Cani Prezident İlham Əliyevlə müsahibədə iştirak etməyi özü üçün böyük şərəf hesab etdiyini bildirib. Onun sözlərinə görə, bu, Prezidentdən müsahibə almaq üçün ona təqdim olunan ilk fürsət olub:

“Çox həyəcanlı idim. Lakin peşəkar fəaliyyətdə kifayət qədər təcrübəsi olan digər jurnalist həmkarlarımla birlikdə işimi ən yüksək səviyyədə yerinə yetirməyə çalışdım”.

Nadia Cani Prezident Sarayında olmaq, dövlət başçısı ilə görüşmək və onun beynəlxalq qlobal siyasət, eləcə də Azərbaycanın bu proseslərdə tutduğu mövqe ilə bağlı fikirlərini öyrənməyin onun üçün dəyərli təcrübə olduğunu vurğulayıb.

Jurnalist qeyd edib ki, təxminən üç saat davam edən müsahibədən sonra Prezidentlə qısa müddətli fərdi ünsiyyət qurmaq imkanı da yaranıb:

“Onunla əl sıxışdıq, xatirə fotoları çəkdirdik. Prezident İlham Əliyev son dərəcə səmimi, peşəkar və mehriban insandır. Bu müsahibə mənim üçün unudulmaz bir təcrübə oldu. Qeyd etdiyim kimi, bu cür müsahibədə ilk dəfə iştirak edirdim və əldə olunan nəticədən çox məmnunam”.