Azərbaycan.media xəbər verir ki, ölkənin bəzi ərazilərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur, dağlıq rayonlarda isə qar yağır.
Saat 10:00-a olan vəziyyətə əsasən Xınalıq, Qrız, Qusar və Şahdağ ərazilərində qar qeydə alınıb. Düşən yağıntının miqdarı Qaxda 5 mm, Şahbuzda 2 mm, Ordubad, Balakən, Zaqatala, Quba, Göyçay və Şəkidə isə 1 mm təşkil edib.
Hazırda bir sıra bölgələrdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 21 m/s, Qusar və Qubada 20 m/s, Mingəçevir və Naftalanda 18 m/s, Yardımlıda 16 m/s, Tovuz, Ağstafa və Astarada isə 15 m/s-dək güclənib.
Naxçıvan, Şərur, Culfa, Gəncə, Quba, Qusar, Göyçay və Sabirabad ərazilərində duman müşahidə olunur. Görünüş məsafəsi bəzi yerlərdə 500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 8 dərəcəyədək isti, Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan Muxtar Respublikasında 6 dərəcəyədək şaxta, dağlıq rayonlarda isə 4 dərəcəyədək şaxta qeydə alınıb.
