🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

206 nömrəli marşrutla bağlı narazılıq: avtobuslar köhnədir, qrafik pozulur

Azərbaycan.media xəbər verir ki, Elmlər Akademiyası metrostansiyasından Lökbatan qəsəbəsinə sərnişin daşıyan 206 nömrəli marşrut avtobusu ilə bağlı ciddi narazılıqlar yaranıb.

Azərbaycan.media-nın “Xəzər Xəbər”ə istinadən məlumatına görə, sərnişinlər avtobusların istismar müddətinin başa çatmasına baxmayaraq hələ də xətt üzrə fəaliyyət göstərdiyini bildirirlər. Onların sözlərinə görə, marşrut avtobusları tez-tez gecikmə ilə işləyir və texniki nasazlıqlar bəzən təhlükəli vəziyyət yaradır.

Sərnişinlər iddia edirlər ki, yol boyu yaranan nasazlıqlar həm vaxt itkisinə, həm də təhlükəsizlik risklərinə səbəb olur.

Məsələ ilə bağlı daşıyıcı şirkətdən bildirilib ki, marşrut üzrə yeni tender keçirilib və başqa bir daşıyıcı şirkət qalib olub. Yaxın vaxtlarda sərnişindaşıma həmin şirkət tərəfindən həyata keçiriləcək.

Yerüstü Nəqliyyat Agentliyindən isə qeyd olunub ki, nizamlı fəaliyyətin təmin olunmaması səbəbindən 206 nömrəli marşrut xətti bir müddət əvvəl müsabiqəyə çıxarılıb və artıq qalib müəyyənləşdirilib. Bildirilib ki, yaxın zamanlarda marşrut xətti üzrə yeni və müasir avtobuslar fəaliyyətə başlayacaq.