Azərbaycan.media xəbər verir ki, Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yanvarın 13-dən 16-dək kamandan oxatma üzrə örtülü məkanda ölkə birinciliyi və çempionatı təşkil olunacaq.
Yarış Azərbaycan Tibb Universitetində baş tutacaq və mövsümün ən güclü oxatanları burada müəyyənləşəcək.
Dörd gün davam edəcək çempionatın proqramına əsasən, yanvarın 13-də idmançıların sınaq atışları və rəsmi məşqləri keçiriləcək. Yanvarın 14 və 15-də təsnifat mərhələləri baş tutacaq, yanvarın 16-da isə final görüşləri təşkil ediləcək.
Yarışda yeniyetmələr (U15), gənclər (U21) və böyüklər kateqoriyaları üzrə ümumilikdə 70-dən çox idmançı mübarizə aparacaq. Oxatanlar 18 metr məsafədən hədəfi dəqiq vurmağa çalışacaqlar.
Çempionatın sonunda yüksək nəticə göstərən və fəxri kürsüyə yüksələn idmançılar müvafiq dərəcəli diplom və medallar, həmçinin federasiya tərəfindən xüsusi mükafatlarla təltif olunacaqlar.
Yarışın əsas məqsədi ölkədə kamandan oxatmanın təbliği, bu idman növünə marağın artırılması və müxtəlif yaş qrupları üzrə milli komandaların heyətinin formalaşdırılmasıdır.
