🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Prezident İlham Əliyevin yanvar müsahibəsi: yeni dünya düzənində güc, sülh və strateji idarəetmə fəlsəfəsi

Prezident İlham Əliyevin bütün müsahibələrində diqqəti cəlb edən əsas məqamlardan biri üslub və intonasiyadır. Məhz bu xüsusiyyətlər dövlət başçısının siyasi portretini fərqləndirən başlıca amillərdən biri kimi çıxış edir. Yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibə də bu baxımdan Prezidentin artıq formalaşmış, tanış obrazını bir daha nümayiş etdirdi: məzmunlu, məramlı, çoxhədəfli, sərrast, səbatlı, korrekt, dürüst, cəsarətli və hökmlü.

Müsahibə qlobal miqyasda yaşanan dərin geosiyasi təbəddülatlar fonunda baş tutdu və bu reallıq dövlət başçısının yanaşmalarında açıq şəkildə əks olundu. Prezident İlham Əliyev mövcud beynəlxalq münasibətlər sisteminə dair aydın və birbaşa mövqe ortaya qoydu: “Bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur. Güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var”. Bu tezis yeni dünya düzənində Azərbaycanın davranış modelinin əsas konturlarını müəyyənləşdirir. Belə bir mühitdə dövlət başçısı üçün prioritet istiqamət milli birliyin möhkəmləndirilməsi və cəmiyyətin strateji hədəflər ətrafında konsolidasiyasıdır. Sözügedən müsahibə ölkənin strateji inkişaf xəttini, regional və qlobal mövqeyini, milli təhlükəsizlik, iqtisadi və sosial siyasətini kompleks şəkildə əks etdirən konseptual sənəd kimi dəyərləndirilə bilər.

Prezident müsahibənin əvvəlində 2025-ci ildə Ermənistan–Azərbaycan münaqişəsinə siyasi baxımdan son qoyulduğunu və artıq bir müddətdir ki, regionda sülh şəraitinin formalaşdığını bəyan etdi. Onun sözlərinə görə, Azərbaycan regionda yeni balans yaradıb və xalq artıq öz gələcəyini təhlükəsiz və ümidverici şəkildə planlaşdıra bilir. Bu, həm diplomatik, həm də hərbi uğurların məntiqi davamı olmaqla yanaşı, qələbənin beynəlxalq arenada da təsdiqləndiyini göstərir. Dövlət başçısı Azərbaycanın sülh və sabitlik təşəbbüslərində lider mövqeyini qoruduğunu xüsusi vurğuladı.

Bu yanaşma Azərbaycanın postmünaqişə dövründə yalnız hərbi qələbə ilə kifayətlənmədiyini, eyni zamanda diplomatik, siyasi və sosial baxımdan yeni mərhələyə qədəm qoyduğunu ortaya qoyur. Prezidentin mövqeyinə əsasən, uzunmüddətli sülh yalnız güclü diplomatiya, möhkəm iqtisadi baza və effektiv idarəetmə mexanizmləri üzərində qurula bilər. Bu yanaşma həm milli, həm də regional sabitliyin təmin olunması baxımından fundamental xarakter daşıyır.

Regional sülh və Ermənistan–Azərbaycan münasibətlərinə dair mövqeyində də Prezident İlham Əliyev harmoniya və nizam prinsipinə sadiq qaldı. Dövlət başçısı vurğuladı ki, artıq keçmiş münaqişəyə deyil, yeni reallıqlara fokuslanmaq lazımdır və hər iki tərəf üçün sülhün praktik nəticələri həlledici əhəmiyyət daşıyır. Bu, Azərbaycanın sülhü yalnız siyasi bəyanat səviyyəsində deyil, hüquqi, iqtisadi və institusional mexanizmlər vasitəsilə möhkəmləndirmək niyyətini göstərir. Regional infrastruktur layihələrinin bərpası, iqtisadi əlaqələrin inkişafı və qarşılıqlı etimad mühitinin formalaşdırılması bu strategiyanın əsas dayaqları kimi təqdim olundu.

Xarici siyasət və çoxvektorlu diplomatiya məsələlərinə toxunan Prezident İlham Əliyev ABŞ ilə münasibətlərin 2025-ci ildə yeni mərhələyə daxil olduğunu bildirdi. Məhdudiyyətlərin aradan qalxması və əməkdaşlığın genişlənməsi region üçün strateji əhəmiyyət kəsb edir. Dövlət başçısının fikrincə, birgə layihələr, investisiya təşəbbüsləri və texnologiya transferi Azərbaycanın iqtisadi inkişaf strategiyasına mühüm töhfə verir və beynəlxalq nüfuzunu gücləndirir. Eyni zamanda, Çinlə strateji tərəfdaşlıq, Rusiya və Avropa ilə iqtisadi və təhlükəsizlik sahəsində əlaqələr Azərbaycanın balanslı və müstəqil xarici siyasət kursunu nümayiş etdirir.

Təhlükəsizlik və ordu siyasəti ilə bağlı hissədə Prezident açıq şəkildə bildirdi ki, mövcud reallıqlarda güclü olmaq həyati zərurətdir. Yerli hərbi sənayenin inkişafı, özəl sektorun müdafiə istehsalına cəlb olunması və innovativ texnologiyaların tətbiqi Azərbaycanın strateji müstəqilliyini möhkəmləndirir. Ordu yalnız müdafiə vasitəsi deyil, eyni zamanda sülhün qorunmasının əsas təminatçısı kimi təqdim olunur. Güclü hərbi potensial regional sabitliyin və milli suverenliyin qorunmasında əsas amil kimi dəyərləndirilir.

Müsahibədə elm və təhsil məsələləri də xüsusi yer tutdu. Prezident İlham Əliyevin bu sahəyə yanaşması uzunmüddətli və sistemli xarakter daşıyır. Təhsil dövlətin strateji resursu kimi qiymətləndirilir və iqtisadi inkişaf, milli təhlükəsizlik, rəqabət qabiliyyəti ilə birbaşa əlaqələndirilir. Elm və təhsilin inteqrasiyası, kadr siyasətində yenilənmə, gənc və müasir düşüncəli mütəxəssislərin önə çəkilməsi, müəllim amilinə xüsusi diqqət Prezidentin islahatçı baxışlarının əsas komponentləridir.

Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modelinin gələcəkdə ölkənin digər regionlarında da tətbiq oluna biləcəyi fikri isə mühüm ictimai-siyasi müzakirə mövzusuna çevrildi. Bu modelin çevik, operativ və nəticəyönümlü idarəetmə mexanizmi olduğu vurğulandı. Azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma prosesi yalnız inzibati deyil, həm də genişmiqyaslı sosial-iqtisadi transformasiya kimi təqdim olunur. Modelin digər regionlara transferi üçün isə qanunvericilik və institusional çərçivələrin dəqiqləşdirilməsinin vacibliyi qeyd edilir.

Ümumilikdə, Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibə yeni dünya düzənində Azərbaycanın mövqeyini, çağırışlara cavab modelini və gələcək strateji hədəflərini aydın şəkildə ortaya qoyur. Bu müsahibə ümummilli məqsədlərin praktik icrasını tələb edən konseptual yol xəritəsi kimi dəyərləndirilə bilər.

Elnarə Akimova
Milli Məclisin deputatı, filologiya elmləri doktoru

Mənbə: Azərbaycan.media