Azərbaycan.mediaxəbər verir ki, Professor, Əməkdar jurnalist Qulu Məhərrəmli hesab edir ki, İran bu gün tarixi bir sınaq qarşısındadır. Ölkənin mövcud siyasi sistemi xalqın real tələblərinə biganə qaldıqca, bu sınaq daha təhlükəli mərhələyə keçir. Onun fikrincə, İranın uçuruma doğru sürüklənməsi ehtimal deyil, düzgün qərarlar verilməzsə, artıq qaçılmaz prosesə çevrilə bilər.
Qulu Məhərrəmli bildirir ki, Əli Xamneyinin rəhbərlik etdiyi molla rejimi cəmiyyətlə əlaqəni demək olar ki, itirib. Xalqın illərlə yığılıb qalmış sosial, iqtisadi və mənəvi narazılığı artıq açıq siyasi tələbə çevrilib. Bu tələbləri görməmək, eşitməmək və ya yalnız güc yolu ilə boğmaq cəhdi İranı daha dərin böhrana aparır.

Professorun fikrincə, mövcud vəziyyətdə İran Prezidenti Məsud Pezeşkianın səsləndirdiyi çağırışlar xüsusi əhəmiyyət daşıyır. Prezident açıq şəkildə bəyan edir ki, polis və ordu xalqla qarşı-qarşıya qoyulmamalıdır. Güc strukturları öz vətəndaşını düşmən kimi deyil, dövlətin əsas dayağı kimi qəbul etməlidir. İnsanların dərdi, problemi və tələbi dinlənilməli, bu tələblər siyasi müstəvidə cavablandırılmalıdır.
Qulu Məhərrəmli vurğulayır ki, bu çağırış əslində sadəcə humanist yanaşma deyil, dövlətin özünü qoruma instinktidir. Tarixi təcrübə göstərir ki, xalqla müharibə aparan heç bir hakimiyyət uzunömürlü olmayıb. Repressiya ilə qorunan sistemlər bir müddət sonra daxildən çökür.
Əməkdar jurnalistin sözlərinə görə, İran cəmiyyəti artıq əvvəlki kimi susqun deyil. Xüsusilə gənclər və qadınlar sosial dəyişikliklərin əsas aparıcı qüvvəsinə çevriliblər. İqtisadi böhran, yüksək inflyasiya, işsizlik, azadlıqların məhdudlaşdırılması və beynəlxalq təcrid insanların dözüm həddini aşır. Belə bir şəraitdə xalqın səsini eşitməmək siyasi korluqdur.
Qulu Məhərrəmli hesab edir ki, əgər molla rejimi prezidentin xəbərdarlıqlarını, xalqın açıq mesajlarını və dəyişən dünya reallıqlarını nəzərə almasa, İran tədricən idarəolunmaz vəziyyətə düşə bilər. Bu isə təkcə siyasi böhran deyil, eyni zamanda sosial dağılma, dövlət institutlarının nüfuzdan düşməsi və milli birliyin zəifləməsi deməkdir.
Professorun qənaətincə, İran üçün yeganə rasional çıxış yolu dialoq, islahat və xalqla barışdır. Əks halda, ölkə həm daxili, həm də regional proseslərin təsiri altında viranlaşma təhlükəsi ilə üz-üzə qala bilər. Bu viranlıq təkcə iqtisadi və fiziki dağıntılar deyil, həm də ictimai etimadın və dövlətçilik şüurunun itirilməsi anlamına gəlir.
Sonda Qulu Məhərrəmli vurğulayır ki, məsələ artıq “İran böhran yaşayırmı?” sualı deyil. Əsas sual budur: hakimiyyət bu böhrandan nəticə çıxarıb geri dönüş edə biləcəkmi, yoxsa ölkəni özü ilə birlikdə uçuruma aparacaqmı?
Mənbə: Azərbaycan.media
