🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İDARƏ OLUNAN XAOS DÜNYASI

 

Hər ilin sonuna doğru böyük maraqla İngiltərənin The Economist dərgisinin çıxardığı “The World Ahead” adlı xüsusi buraxılışı gözləyirəm. Böyük həyəcana, bəzən də sensasiyaya səbəb olan bu buraxılışları bəziləri proqnoz, bəziləri də kəhanət və ya falçılıq adlandırırlar.

Necə adlandırılmasından asılı olmayaraq “The World Ahead” (Önümüzdəki Dünya) qarşıdakı ildə bizləri nələrin gözləyəcəyini, böyük qlobal riskləri və önəmli tendensiyaları göstərir.
Nüfuzlu dərgi hər il bu proqnozları fərqli kompozisiya ilə verir. Bu dəfə üz qabığına çıxardılan 2026 ilə bağlı mesajlar daha çox konspiroloji ssenariyə bənzədi.

Kollaj gördüyünüz kimi çox qarma-qarışıqdır. Əvvəlki illərdəki anlaşılan və sadə “The World Ahead” qapağından əsər-əlamət qalmayıb. Kollaj elə “ilan-qurbağa” şəklindədir ki, görən kimi öz-özümə “Yaşadıqlarımız, müşahidə etdiklərimiz, gördüklərimiz də elə bu cür nizamsız, tərtibsiz, xaotik deyildimi?” dedim. Dünyada baş verən bu hərc-mərcliyi, qarğaşalığı da ancaq belə ustaqlıla vermək olardı, zənnimcə.

Sanki jurnalın dizajnerləri xüsusi buraxılışda “nə olacaq?” deyil, “nələr artıq əvvəlki kimi olmayacaq?” sualına cavab verməyə çalışmışlar – gələcəyi proqnozlaşdırmaq yerinə günümüzün çatlarını göstərmişlər.
Gəlin birlikdə üz qabığındakı əsas elementlər və mesajları incələyək.

ABŞ və Donald Tramp faktoru

2024 seçkilərindən sonra Trampın geri dönüşü ilə proteksionizm, NATO və müttəfiqlərlə münasibətlər, qlobal ticarət müharibələri riski ön plana çıxdı. ABŞ-da Tramp fenomeni təkcə bir siyasətçinin qayıdışı olmadı. Bu, bir çox absurd şeyi normaya çevirmə vəlvələsi oldu:

– müttəfiqlər müvəqqəti oldular
– razılaşmalar müvəqqəti oldular
– beynəlxalq hüququn selektiv tətbiqi başladı.
İndən belə dövlətlər artıq “nə doğrudur?” sualına deyil, “nə sərfəlidir?” sualına baxmağa başlayırlar. Bu da hüquqa dayanan dünyadan gücə dayanan dünyaya keçid deməkdir.
Çin və ABŞ arasındakı qarşıdurma çip, yarımkeçirici, Süni İntellekt motivləri ətrafında başladı ki, bu da artıq ideoloji yox, soyuq texnoloji müharibə anlamına gəlir. Süni İntellekt və nəzarət texnologiyaları uğrunda amansız mübarizə Süni İntellektdən daha çox hakimiyyət üçün bir vasitəyə çevrilir. Baş verənlər Süni İntellektə gücün yeni formasını göstərir.
The Economist yeni texnologiyaları tərəqqinin simvolu kimi yox, nəzarət aləti kimi təqdim edir. Çox mühüm dəyişiklikdir bu. Çünki Süni İntellekt artıq rahatlıq aləti deyil, məhsuldarlıq vasitəsi deyil, neytral texnologiya deyil. O, bundan sonra hakimiyyətlərin texnologiyası olacaq. Alqoritmi kim yazırsa davranışı o proqnozlaşdırır, seçimi yönləndirir, həqiqəti filtrdən keçirir.
Burada söhbət Süni İntellektin “pis şey” olmasından getmir. Problem texnologiyanın sürətinin etik düşüncəni qabaqlamasındadır. İnsan artıq yaratdığı aləti tam anlamadan onun nəticələrinə tabe olur. Müharibələr artıq dondurulmayan münaqişələrə dönür. 2026 üçün göstərilən müharibə mənzərəsi klassik “müharibə–sülh” ikiliyini aşır. Dünya “dondurulmuş münaqişələr” yox, “davamlı gərginliklər” mərhələsinə keçir. Ukrayna, Yaxın Şərq, Tayvan xətti – bunlar ayrı-ayrı hadisələr yox, eyni modelin fərqli cəbhələridir: uzunmüddətli, aşağı intensivlikli, daimi risk yaradan.

İqtisadiyyatlar artıq “böyüməyə” deyil, dayanmağa, yıxılmamağa köklənir. 2026-da orta sinif daha da sıxılacaq, borc normaya çevriləcək, inflyasiya qalıcı olacaq. İnsanlar artıq qazanmaq üçün yox, itirməmək üçün çalışacaq. Bu da istehlakçı psixologiyasını dəyişəcək, siyasətlər radikallaşacaq və s.
Analitiklər 2026-ya nikbin baxmasalar da, panikaya da düşmürlər. Bəli, gələcək sürətlə gəlir, amma keçmiş artıq işləmir. 2026 nə yeni qızıl dövr olacaq, nə də qiyamət ili. Bu, aralıq mərhələdir: ənənəvi qaydaların köhnəldiyi, yenilərin hələ yazılmadığı, qeyri-müəyyənliklərin normaya çevrildiyi bir dünya.
Bir sözlə, The Economist-in “The World Ahead 2026” üz qabığı bir xəbərdarlıqdır.
Qorxu yaymır nüfuzlu media quruluşu, sadəcə deyir ki, əgər gələcəyi anlamaq istəyirsənsə artıq sadə, ritorik suallar vermə. Çünki dünya artıq o mərhələni keçib…

Təəssüf ki, illərdir “Gələcək Çox Tez Gələcək” deyəndə bəziləri istehza edirdilər.
Budur, artlq Gələcək gəldi və onun gəlişi qəfil olmadı.
Bir para dövlətlər buna hazır idilər, digərləri isə hazırlıqsız yaxalandılar.
Olan da sonunculara olacaq…

İdarə olunan xaos dünyasına xoş gəldiniz…

 

 

Müəllif: İbrahim Nəbioğlu

Mənbə: Azərbaycan.media