Azərbaycan.media xəbər verir ki, Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey “Gülüstan” sarayında Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxış edib.
Səfir bildirib ki, “Bir kəmər, bir yol” layihəsində Azərbaycan ilə Çin arasında əməkdaşlıq yüksək səviyyədədir. O, xüsusilə Çin-Avropa dəmir yolu bağlantısı və Trans-Xəzər dəhlizi istiqamətində işlərin sürətlə davam etdiyini və Azərbaycanın burada rolunun gücləndiyini vurğulayıb.
Lu Mey əlavə edib: “Prezident İlham Əliyevin ilin yekunları ilə bağlı müsahibəsində qeyd edildiyi kimi, Çin şirkətləri Azərbaycanda bərpaolunan enerjinin inkişafında fəaldırlar və Azərbaycan Çin şirkətlərini strateji tərəfdaş kimi seçib. Bu, onların peşəkarlığı, işinin keyfiyyəti və layihənin sürətlə icra olunması ilə bağlıdır. ‘Xızı-Abşeron’ stansiyası Azərbaycanda həyata keçirilən ilk və çox böyük külək elektrik enerjisi layihəsidir. İstismara verildiyi üçün təxminən 300 min ailə bundan faydalanacaq. Bu layihə həm Azərbaycanın, həm də regionun səmərəli və davamlı inkişafına dəstək olacaq”.
