🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

ABŞ hərbçilərinin Rusiya bayraqlı “Mariner” tankerinə müdaxiləsinin görüntüləri yayılıb

Azərbaycan.media xəbər verir ki, ABŞ Sahil Mühafizəsi Rusiya bayrağı altında üzən “Mariner” tankerinin təqib edilməsi və Amerika hərbçilərinin gəmiyə minməsi anlarını əks etdirən videogörüntüləri yayımlayıb.

Görüntülər gündüz saatlarında lentə alınıb. Videoda “Mariner” tankerinin ABŞ Sahil Mühafizəsinə məxsus “Munro” gəmisi ilə yanaşı hərəkət etdiyi görünür. Daha sonra silahlı ABŞ hərbçilərindən ibarət qrup tankerin göyərtəsinə qalxır, əlavə iki hərbçi isə vertolyotdan kəndirlər vasitəsilə gəmiyə endirilir.

Xatırladılır ki, ABŞ hərbçiləri tankeri Şimali Atlantikada bir neçə gün ərzində təqib ediblər. Yanvarın 7-də isə gəmiyə minilib və bundan sonra heyətlə əlaqə kəsilib.

ABŞ hakimiyyəti “Mariner” tankerinin ABŞ sanksiyalarını pozduğunu açıqlayıb. Ağ Evin mətbuat katibi Kerolin Levitt bildirib ki, gəminin saxlanılması üçün məhkəmə qərarı mövcuddur və heyət üzvləri hüquqi prosedurlara cəlb olunub.

Rusiya Xarici İşlər Nazirliyi tanker heyətində Rusiya vətəndaşlarının da olduğunu təsdiqləyib və onlara qarşı insani və ləyaqətli davranılmasını tələb edib.

Rusiya Nəqliyyat Nazirliyi isə açıq dənizdə ABŞ hərbi qulluqçularının “Mariner” tankerinə müdaxiləsini beynəlxalq dəniz hüququna zidd hesab edib və məsələnin BMT müstəvisində qiymətləndirilməsinin vacibliyini vurğulayıb.