Azərbaycan.media xəbər verir ki, Venesuelada yaranmış gərgin vəziyyət Karib hövzəsində aviasiya əlaqələrinə ciddi təsir göstərib və minlərlə turist adaları tərk edə bilmir. Bu barədə “The Daily Mail” nəşri məlumat yayıb.
Nəşrin turistlərə istinadla verdiyi xəbərə görə, çoxsaylı uçuşların təxirə salınması və ləğv edilməsi Karib dənizində qalan sərnişinlər arasında ciddi narahatlıq yaradıb. Xüsusilə ABŞ Vircin adalarına daxil olan Sent-Tomas adasında yerləşən Siril E. Kinq Beynəlxalq Hava Limanında son 24 saat ərzində 43 aviareysin ləğv edildiyi bildirilir.
Məlumata əsasən, yaranmış vəziyyət təkcə bir hava limanı ilə məhdudlaşmır. “American Airlines” aviaşirkəti Venesueladakı böhranın ABŞ və Britaniya Vircin adaları, Puerto Riko, Sent-Martin, Sent-Lüsiya, Barbados və digər istiqamətlər daxil olmaqla ümumilikdə 19 hava limanının fəaliyyətinə mənfi təsir göstərdiyini açıqlayıb.
Qeyd olunur ki, bəzi sərnişinlər bir neçə gündür hava limanlarında və mehmanxanalarda qalmağa məcbur olub, uçuşların nə vaxt bərpa olunacağı ilə bağlı dəqiq məlumat ala bilmirlər. Aviaşirkətlər isə vəziyyətin təhlükəsizlik və regional sabitliklə bağlı olduğunu bildirərək, uçuş cədvəllərinin mövcud şəraitə uyğun tənzimləndiyini vurğulayır.
