Azərbaycan.media xəbər verir ki, bu gün görkəmli Azərbaycan yazıçısı, publisist, ictimai-siyasi xadim Yusif Vəzir Çəmənzəminlinin anım günü ilə əlaqədar yazıçı–ssenarist Kəmalə Mirzəyevanın Çəmənzəminlinin həyat və yaradıcılığına həsr olunmuş ssenarisi əsasında hazırlanmış video material ictimaiyyətə təqdim edilib.
Ssenaridə Yusif Vəzir Çəmənzəminlinin keşməkeşli həyat yolu, milli düşüncə tariximizdə tutduğu mövqe, Azərbaycan Xalq Cümhuriyyəti dövründəki fəaliyyəti, eləcə də sovet repressiyalarının qurbanına çevrilməsi bədii-publisistik üslubda əks etdirilir. Video materialda yazıçının şəxsiyyəti təkcə ədəbiyyat adamı kimi deyil, milli ideallara sadiq ziyalı obrazında təqdim olunur.
Yazıçı Kəmalə Mirzəyevanın ssenarisində Çəmənzəminlinin taleyi bir dövrün faciəsi kimi ümumiləşdirilir, onun yaradıcılığında milli kimlik, vətən sevgisi və azadlıq ideyalarının əsas xətt təşkil etdiyi vurğulanır. Material həm ədəbi, həm də tarixi baxımdan maarifləndirici xarakter daşıyır.
Qeyd edək ki, Yusif Vəzir Çəmənzəminli 1887-ci ildə Şuşada anadan olub, 1943-cü il 3 yanvar tarixində sovet repressiya düşərgəsində həyatını itirib. O, XX əsr Azərbaycan ədəbiyyatının və milli ictimai fikrinin formalaşmasında mühüm rol oynayan simalardan biridir.
Təqdim olunan video-material Çəmənzəminli irsinin yeni nəsillərə çatdırılması və onun xatirəsinin yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Video ilə tanış ola bilərsiniz:
Mənbə: Azərbaycan.media
