Azərbaycan.media xəbər verir ki, 2026-cı ildə Yer kürəsində maqnit qasırğalarının sayının artacağı proqnozlaşdırılır.
Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasının rəhbəri Sergey Boqaçev “RİA Novosti”yə açıqlamasında bildirib.
Alimin sözlərinə görə, Günəş aktivliyinin tədricən azalmasına baxmayaraq, maqnit qasırğalarının sayının çoxalması Günəş tacında yaranan dəliklərin artması ilə bağlıdır. O qeyd edib ki, hazırda məhz bu tac dəlikləri geomaqnit fırtınalarının əsas və dominant mənbəyinə çevrilib.
Bəs Günəşdə baş verən partlayışlar və maqnit qasırğaları Yer üçün təhlükə yarada bilərmi? Sergey Boqaçev bu məsələdə “təsadüf amili”nin mühüm rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, bəzi Günəş partlayışları Yerə güclü təsir göstərə, digərləri isə demək olar ki, təsirsiz ötüşə bilər.
Qeyd edək ki, alimlər 2026-cı ilin ilk əhəmiyyətli maqnit qasırğasının yanvarın 2-dən 3-nə keçən gecə baş verəcəyini proqnozlaşdırıblar.
