Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciət edib.
Dövlətimizin başçısı bildirib ki, 2025-ci il ölkəmiz və xalqımız üçün uğurlu olub, Azərbaycan sülh, təhlükəsizlik və sabitlik şəraitində inkişaf edib. Prezident vurğulayıb ki, xalq-iqtidar birliyi Azərbaycanın bütün nailiyyətlərinin əsasını təşkil edir və qarşıdan gələn 2026-cı ilin də ölkə üçün uğurlu olacağına əminliyini ifadə edib.
Prezident İlham Əliyev qeyd edib ki, ötən il Vətən müharibəsində əldə edilən tarixi Zəfərin beşinci ildönümü böyük fəxarət hissi ilə qeyd olunub. Onun sözlərinə görə, Azərbaycan xalqı bu Qələbə ilə əbədi fəxr edəcək, çünki 30 illik erməni işğalına son qoyulub, ərazi bütövlüyü, suverenlik və milli ləyaqət bərpa edilib. Dövlət başçısı vurğulayıb ki, son beş ildə Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyəti xeyli artırılıb, ordu müasir silah və texnika ilə təchiz edilib və istənilən vəzifəni icra etməyə hazırdır.
Prezident bildirib ki, Azərbaycan müharibə istəmir, lakin mövcud qlobal şəraitdə hər an öz təhlükəsizliyini, suverenliyini və ərazi bütövlüyünü qorumağa hazır olmalıdır. O, beynəlxalq hüququn bir çox hallarda işləmədiyini və dünyada silahlanma prosesinin sürətlə getdiyini diqqətə çatdırıb.
Müraciətdə vurğulanıb ki, Azərbaycan Vətən müharibəsindən sonra Zəfərini beynəlxalq müstəvidə möhkəmləndirib və bütün dünya bu Qələbəni qəbul edib. Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq gündəlikdən tam silindiyini deyən Prezident İlham Əliyev bildirib ki, Minsk qrupu tarixin arxivinə göndərilib. Dövlət başçısı əlavə edib ki, Azərbaycan məğlub edilmiş Ermənistana sülh əlini uzadıb və bu, ölkənin uzaqgörən siyasətinin göstəricisidir.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan döyüş meydanında qazandığı Qələbəni dünyanın ən mötəbər məkanlarından biri olan Amerikanın Ağ Evində, ABŞ Prezidentinin iştirakı ilə möhürləyib. Bununla da 30 il ərzində əsas vəzifə olan ərazi bütövlüyünün bərpası və onun dünya tərəfindən qəbul edilməsi tam həllini tapıb.
Müraciətdə ölkədə aparılan genişmiqyaslı quruculuq işlərindən, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsindən, D-8 təşkilatına üzvlükdən və Orta Asiya ölkələrinin Məşvərət Şurasında tamhüquqlu üzv seçilməsindən də bəhs olunub. Prezident bu faktların Azərbaycana göstərilən hörmət və etimadın bariz nümunəsi olduğunu bildirib.
Dövlət başçısı iqtisadi sahədə əldə edilən uğurlara da toxunaraq vurğulayıb ki, ölkənin valyuta ehtiyatları 80 milyard dollardan artıqdır, xarici borc isə ÜDM-in cəmi 6,3 faizini təşkil edir. O qeyd edib ki, beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqini müsbət səviyyəyə qaldırıblar.
Prezident İlham Əliyev “Böyük Qayıdış” Proqramının uğurla icra edildiyini, işğaldan azad edilmiş ərazilərdə artıq 70 minə yaxın insanın yaşadığını, çalışdığını və təhsil aldığını bildirib.
Müraciətin sonunda Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dünyanın müxtəlif ölkələrində yaşayan bütün azərbaycanlıları təbrik edib, onların arxasında güclü Azərbaycan dövlətinin dayandığını vurğulayıb. Dövlət başçısı bütün Azərbaycan xalqına və dünya azərbaycanlılarına sülh, əmin-amanlıq və xoşbəxtlik arzulayıb.
