🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bir qələmdi, bir dəftərdi, bir də söz…- Fuad Biləsuvarlı yazır

Artıq 67 yaşını haqlamaqda olan söz xiridarı Əbülfət Mədətoğlunun söz dünyası çox zəngindir. Sözlə nəfəs alan, sözlə yaxın sirdaş olan bu istedadlı şairin söz dünyasında bir qələmdi, bir dəftərdi, bir də ecazkar sözdür. Bunu şair özü də eturaf edir.

– Bir qələmdi, bir dəftərdi, bir də söz,
Dil – dodaqdı, bir ürəkdi, bir də söz
Bir baxışdı… nə gərəkdi burda söz –
Həm pərvanən, həm dəlinəm mən sənin.

Şəxsiyyətinə və yaradıcılığına dərin hörmət bəslədiyim şairin öz dəsti-xətti ilə yazıb mənə bağışladığı “Yoruldum ahları körpü etməkdən” kitabı qarşımdadır. Təxminən iki il əvvəl “Adiloğlu” nəşriyyatında işıq üzü görmüş bu topluda şairin son illərdə yazdığı şeirlər yer almışdır.

Söz adamları yaxşı bilirlər. Şeir elə belə yaranmır. İndi bir şeir yazacağam deyib, şeir yazmaq olmur. O mövzu, o misralar ürəyinin odunda bişməlidir. Çiy misralar şeirə çevrilə bilmir.

Şair dostumun bu qiymətli kitabındakı hər bir şeirdə söz adamı Əbülfət Mədətoğlunun ürəyinin hərarəti duyulur.
Əbülfət Mədətoğlu poeziya aləmində təzə adam deyil. Uzun illərdir ki, o, poeziya ilə nəfəs alır. İndiyədək onlarla kitabları ilə oxucularının görüşünə gəlib.

Şairin vaxtı ilə nəşr etdirdiyi “Hər görüş bir ümiddi” , “Dərdimi danışan adam”, “Sevgi pıçıltıları”, “Ürəyimdəki sənsən”, “Mənim kimi sevə bilsən” və başqa kitabları oxucuları tərəfindən çox maraqla qarşılanıb.
Söz xiridarının bu kitabının da oxucularının sonsuz sevincinə səbəb olduğu şübhəsizdir.

Kitabı vərəqləyirəm.
İki yüz əlliyə yaxın şeirin toplandığı kitabdakı hər bir şeir bir dünyadır. Onların hər birində Əbülfət müəllimin həyat sevgisi, dünyaya baxışları, fikirləri əks olunub. Bu şeirlərin hər birində redaktorun ön sözdə yazdığı kimi, ” Hər kəsin baxdığı amma hər kəsin görmədiyi, kiçik saydığımız, amma oxuduğumuzda düşündürən fikirlər… yer alıb.

Bu şeirlərdən bir daha görünür ki, Əbülfət Mədətoğlu üçün mövzu qıtlığı yoxdur. O, hansı mövzuya üz tutursa, ona poetik don geyindirməyi bacarır.
Hər gün şeirindəki misralara diqqət yetirin:

– Bəxtin həlimitək həm də şərti var,
Fikir ümumi var, fikir fərdi var,
Əbülfət olmağın bircə şərti var –
Olasan qələmlə aşına hər gün!…

Bəli, əsl şairin bu dünyada ən qiymətli var dövləti qələmdi, dəftərdi, bir də sözdü.
Həyat itkilərlə doludur. Amma dost itkisi çox ağır olur. Əbülfət Mədətoğlu da dost itkisini sakit qarşılaya bilmir. Unudulmaz şair dostu Şahmar Əkbərzadənin ruhuna sonsuz sayqılarla həsr etdiyi “Mən həmin qoca çinaram” şeirində deyir:

Özüm özümü sınaram
Düşünməyin ki, sınaram!
Mən həmin qoca çinaram –
Laxlatmayın, laxlatmayın…

Topludakı “Qalır” şeiri də təsirlidir, oxucunu düşündürür.

– Çox ovutdum öz-özümü səbrlə
Qovrulduğum ağrılarla, səbrlə…
Üz-üzəyəm son mənzillə – qəbirlə –
Demədiyim, yazmadığım söz qalır.

Gün yaşayır sələmiylə Əbülfət
Dəftəriylə, qələmiylə Əbülfət.
Sevgi adlı ələmiylə Əbülfət –
Yol ölçdüyü bu dünyada iz qalır…

Əbülfətin bir qadına silsiləsindən şeirləri də bu topluda yer alıb. Bu şeirlərdə səmimi fikirlər, məhəbbətin ağrı-acıları, sevincli anları təsvir olunub. Onların hər birində istedadlı şair öz ürək çırpıntılarını sözlə ifadə etməyi çox gözəl bacarıb.

Hər şair ürəyi titrətmir, hər şeir ürəyə təsir etmir. Əbülfət Mədəftoğlunun isə demək olar ki, hər şeirində ürək titrədən hisslər var.
Əbülfət müəllim bu gün də ürəyinin hökmü ilə sözlə yaşayır, yorulmadan yazıb-yaradır.
Deyilən hər söz isə yadigardır.  Yaradıcılığının məhsuldar bir dövrünü yaşayan Əbülfət Mədətoğluna yeni yaradıcılıq uğurları arzulayıram.

Hər açılan sabahlar yeni müjdələr gətirir.
Əbülfət Mədətoğlu poeziyasının vurğunları isə bu müjdələr içində ondan yeni şeirlər gözləyirlər.

Müəllif: Fuad Biləsuvarlı

AYB və AJB üzvü, Prezident və
Həsən bəy Zərdabi Media mükafatçısı

Mənbə: Azərbaycan.media