🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Lavrov: Ukrayna Putinin iqamətgahına 91 PUA ilə hücum edib, Kiyev məlumatı təkzib edir

Azərbaycan.media xəbər verir ki, Ukrayna dekabrın 29-na keçən gecə Rusiya Prezidenti Vladimir Putinin Novqorod vilayətində yerləşən iqamətgahına 91 pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlama verib. O bildirib ki, hava hücumundan müdafiə qüvvələri iqamətgaha yönələn bütün pilotsuz təyyarələri məhv edib.

Lavrov baş verənlərin Rusiyanın danışıqlardakı mövqeyinə yenidən baxılmasına səbəb ola biləcəyini də vurğulayıb.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov isə qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp Ukraynanın Rusiya liderinin Valdaydakı iqamətgahına hücum cəhdindən ciddi şəkildə qəzəblənib. Uşakovun sözlərinə görə, Tramp bu məlumatdan şoka düşüb və belə addımları “dəli hərəkətlər” adlandırıb.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski yayılan məlumatları təkzib edib. O bildirib ki, Rusiya bu cür iddialarla sülh danışıqlarında irəliləyişə mane olmağa çalışır və eyni zamanda Kiyevdə hökumət binalarına hücum üçün zəmin hazırlayır.