🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Zelenski: Atəşkəslə paralel monitorinq missiyası fəaliyyətə başlamalıdır

Azərbaycan.media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin mərhələli şəkildə həyata keçirildiyini və atəşkəslə eyni vaxtda mütləq monitorinq missiyasının fəaliyyətə başlamasının vacibliyini bildirib.

Prezident bu fikirləri jurnalistlərə açıqlamasında səsləndirib. Zelenski təhlükəsizlik mexanizmlərində mümkün “saxta bayraq əməliyyatları” riskinin nəzərə alınıb-alınmadığı ilə bağlı suala da münasibət bildirib. Söhbət Rusiyanın mümkün insidentləri səhnələşdirərək bu pozuntularda Ukraynanı ittiham etməsi və hadisələrin obyektiv şəkildə qiymətləndirilməsini təmin edən mexanizmlərin mövcudluğundan gedir.

Onun sözlərinə görə, təhlükəsizlik zəmanətləri mərhələlərlə təmin olunur və əsas prioritet atəşkəslə paralel olaraq monitorinq missiyasının işə başlamasıdır.

“Monitorinq missiyası etibar etdiyimiz tərəfdaşlarımızın rəhbərliyi altında həyata keçiriləcək. Bunlar texniki imkanlara malik tərəfdaşlardır. Onların peyk sistemləri və dron infrastrukturu mövcuddur”, – deyə Ukrayna lideri vurğulayıb.

Zelenski əlavə edib ki, atəşkəsin pozulmasına reaksiya məsələsi təhlükəsizlik zəmanətlərinin ikinci mərhələsinə aiddir və müvafiq sənədlərdə tərəfdaşların pozuntu halında atacağı addımlar maddə-maddə əksini tapıb.