Azərbaycan.media xəbər verir ki, dekabrın 28-də Azərbaycan Dillər Universitetində “Azərbaycan dili” platformasının təqdimat mərasimi keçirilib. Layihənin ideya müəllifi və rəhbəri Alena Əliyevadır.
Təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, eləcə də layihənin ideya müəllifi və rəhbəri Alena Əliyeva iştirak ediblər.
Əvvəlcə Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla qonaqlara universitetin fəaliyyəti barədə məlumat verib. Qonaqlar universitetin muzeyi ilə tanış olub, eksponatlar haqqında ətraflı bilgiləndirilib.
Təqdimat mərasimində çıxış edən Kamal Abdulla “Azərbaycan dili” platformasının dövlət dilinin qorunması, inkişafı və müasir rəqəmsal mühitdə təbliği baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, Prezident İlham Əliyevin Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı tövsiyələri bu cür layihələrin həyata keçirilməsini zəruri edir. Rektor müxtəlif platforma və layihələr arasında əlaqələndirmənin vacibliyinə də toxunaraq Koordinasiya Şurasının yaradılmasının məqsədəuyğun olacağını qeyd edib.
Layihənin ideya müəllifi və rəhbəri Alena Əliyeva çıxışında təhsilin cəmiyyətdəki roluna diqqət çəkib, platformanın ərsəyə gəlməsində göstərilən dəstəyə görə Heydər Əliyev Fonduna, Elm və Təhsil Nazirliyinə, Azərbaycan Dillər Universitetinə və layihədə iştirak edən hər kəsə təşəkkürünü bildirib.
Daha sonra universitetin prorektoru Jalə Qəribova və layihənin koordinatoru Səbinə Əliyeva “Azərbaycan dili” platformasının təqdimatını edərək onun yaradılma məqsədləri, funksional imkanları, eləcə də müxtəlif yaş və istifadəçi qrupları üçün nəzərdə tutulmuş məzmunu barədə ətraflı məlumat veriblər.
Elm və təhsil naziri Emin Əmrullayev çıxışında platformanın dövlət dilinin öyrədilməsi və tədrisinin keyfiyyətinin artırılmasına, rəqəmsal təhsil resurslarının genişləndirilməsinə mühüm töhfə verəcəyini bildirib. Nazir qeyd edib ki, platforma ana dili Azərbaycan dili olmayan şəxslər üçün də dilimizin öyrənilməsində mühüm rol oynayacaq. O, platformada süni intellekt həllərindən istifadə edildiyini və layihənin gələcəkdə digər dillərə də uyğunlaşdırıla biləcəyini vurğulayıb.
Tədbir çərçivəsində “Azərbaycan dili” platformasına həsr olunmuş videoçarx nümayiş etdirilib.
Mərasimdə çıxış edən pakistanlı tələbə, Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən Pakistan Mərkəzinin doktorantı Mahmut Əthar Azərbaycan dilinin zənginliyindən bəhs edib, bu dili öyrənməkdən qürur duyduğunu bildirib. O, Azərbaycan dilinin müxtəlif xalqları və mədəniyyətləri birləşdirən güclü körpü rolunu oynadığını qeyd edib.
Azərbaycan Dillər Universitetinin məzunu, tanınmış jurnalist, Rusiya Federasiyasının Əməkdar jurnalisti Mixail Qusman isə çıxışında Azərbaycan dilinə beynəlxalq marağın artdığını diqqətə çatdırıb və bu platformanın çox vaxtında reallaşdırılmış mühüm təşəbbüs olduğunu vurğulayıb.
Təqdimat mərasimi bədii hissə və xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.
Qeyd edək ki, “Azərbaycan dili” platforması dilimizin öyrədilməsi və tədrisinin müasir rəqəmsal resurslar vasitəsilə geniş auditoriyaya çatdırılması məqsədi daşıyır. Tədbirin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində keçirilməsi isə Azərbaycan dilinin dünya azərbaycanlılarını birləşdirən əsas dəyərlərdən biri olduğunu bir daha nümayiş etdirib.





























