🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Efir və söz işığında keçən illər

Bu gün televiziya və radio veteranı, Azərbaycan Jurnalistlər İttifaqının üzvü Zümrüd Səfərovanın doğum günüdür. Bu əlamətdar gün münasibətilə Azərbaycan.media onun qələmə aldığı bir neçə maraqlı radio əhvalatını sizə təqdim edir.

Zümrüd xanıma möhkəm cansağlığı, uzun ömür, bitib-tükənməyən ilham və daim söz işığında yazıb-yaratmağı diləyirik.

Xəstə kim idi?

Bir iş yoldaşım var — rəssamdır. Çox alicənab, ürəyiyumşaq, sakit təbiətli, insanlara kömək etməyi sevən, xeyirxah bir qadındır. Bir də pişiyi var, adı Markiz.
Bu xanımın cüzi bir zəif cəhəti də yoxdur desəm, yalan olar: özünü bir azca nasaz hiss edən kimi həkimə qaçır.
Hərdənbir telefonla danışırıq, deyir:
— Bir neçə vaxtdır özümü yaxşı hiss etmirdim, həkimə getdim, dedi ki, pişiyinizdən sizə xəstəlik keçib, çoxlu dava-dərman, sistem yazdı. Həkimin dediklərinə əməl etdim, xeyli sistem vurdurdum, dərman, vitamin içdim, min manata yaxın xərcim çıxdı, şükür Allaha düzəldim.
Düzələn kimi öz-özümə dedim ki, mən sağaldım, bəs pişik xəstədir axı. Markizi götürüb getdim bu dəfə pişik həkiminə. Həkim pişiyi müayinə etdi, dedi ki, pişik sapsağlamdır.
Dedim:
— Ay həkim, necə yəni sapsağlamdır, bəs mənə xəstəlik pişikdən keçib axı?
Həkim də qayidıb ki:
— Hələ bilmək olmaz, pişikdən sizə xəstəlik keçib, ya sizdən pişiyə…

 

Ömür– efirdir

Radionun ən yaxşı insanlarından biri də İlyas Adıgözəllidir. Onunla uzun illər radionun “Son xəbərlər” redaksiyasında çalışmışıq. İlyası heç vaxt pis ovqatda görən olmayıb. Nə qədər problemi olsa da, bunu heç kəsə hiss etdirməz, sakitcə işi ilə məşğul olardı. İllərdir hamı onu peşəkar jurnalist kimi tanıyır, hörmət edir. Moskva radiosundan birbaşa tərcümə etdiyi informasiyalar isə həmişə dil və üslub baxımından seçilib.
Bu günlərdə doğma radiomuzun həyətində onunla qarşılaşdım. Tələsirdim, amma İlyası ilk dəfə bu qədər kədərli gördüyüm üçün ayaq saxladım. Hal-əhvaldan sonra dedi ki, indi hamımız təqaüddəyik. Mən də evdə darıxdıqca bura gəlib-gedirəm. Keçən dəfə hamınızı Familin yas məclisində gördüm. Həm sevindim ki, kollektivimiz bir araya gəlmişdi, həm də kədərləndim ki, getdikcə azalırıq. Səndən bir xahişim var: mən öləndə də hamınız bir nəfər kimi mənim məclisimə gələrsiniz.
Bu sözlər məni sarsıtdı. Dedim:
—O nə sözdür, Allah gecindən versin.
O isə sakitcə dedi:
— Gecindən ya tezindən — əvvəl-axır bu baş verəcək.
Onun çox kədərli olduğunu görüb kefini açmaq istədim:
—Arxayın ol, əgər sağ olsaq, hamımız bir nəfər kimi iştirak edərik, ürəyini buz kimi saxla. Rəhmətlik Hüdayət Səfərlinin bir sözü yadıma düşdü: “Çalış ölmə…” Sən də bacardıqca çalış ki, ölməyəsən…
Allah yaxşı insanlara sağlam və uzun ömür versin, onları həyatımızdan əksik etməsin.
Həyat insana bir dəfə verilir. Elə yaşamaq lazımdır ki, həmişə yaxşılıqla xatırlanasan.

 

Gör özləri nə qədər yeyiblər ki…

Qocaman diktor Soltan Nəcəfovun yemək məsələsində çox kaprizli olan bir qaynı varmış. Nə qədər yemək olurdusa, hey deyirmiş: “Azdır, niyə mənə az yemək verirsiniz?”.
Bir gün evdə xəngəl bişirilir. Oğlan yeməyə bir az gecikir. Evdəkilər nahar edirlər və onun üçün çox böyük mis padnosda xəngəl saxlayırlar. Oğlan evə gələn kimi xəngəli gətirirlər. Hamı gözləyir ki, indi nə deyəcək.
Oğlan bir xəngələ baxır, bir də evdəkilərə və deyir:
— Köpək oğlunun balaları, gör özləri nə qədər yeyiblər ki, mənə bu qədər saxlayıblar…

 

Sədrin payı

90-cı illərin qızmar yay günlərindən biri idi. Redaksiya əməkdaşlarının çoxu məzuniyyətdəydi. Sevinc Mütəllibova da Proqram redaksiyasından Rus redaksiyasına keçmişdi. Günorta vaxtı Sevinc əlində bağlama ilə içəri girdi:
— Zumrud, otaqdakılar hanı, kələm dolması gətirmişəm, gəlin birlikdə nahar edək.
Dedim, məzuniyyətdədilər, təkəm. Bağlamanı açdı; göyərtidən tutmuş hər şey var idi, isti təndir çörəyinin ətri gəl-gəl deyirdi.
Mən:
— Nə yaxşı, səhərdən gətirdiyin çörək soyumayıb, xörək də istidir, qızdırmısan?
Sevinc:
— Yox e, evdən gətirməmişəm, obyektdən gəlirəm. Bərk yorulmuşdum, yolüstü yeməkxanaya baş çəkdim ki, qoğaldan zaddan alım. İçəri girən kimi bunu verdilər. İstədim deyim, pulu nə qədərdir, imkan vermədilər sözümü deyim, dedilər, “Tez apar, soyuyar…”
Xörək çox dadlıydı, dolmanın içində şabalıda qədər var idi.
Dedim:
— Ay Sevinc, bu yeməkxana yeməyinə oxşamır axı, evdən gətirmisən, zarafatla deyirsən?
Sevinc and-aman elədi ki, vallah yeməkxanadandır. Çox hörmət etdilər. Qabları yuyum aparım, yeməyin də pulunu verim. Yaxşı deyil, pulsuz götürüb gətirmişəm.
Bir azdan Sevinc pörtmüş halda gəldi.
— Ay bala, nə olub, gül kimi ovqatın niyə bu günə düşüb?
Dedi ki, ayağımı elə yeməkxanaya qoymuşdum ki, yer-yerdən üstümə düşdülər: “Bəs sən hardasan, bayaqdan səni axtarırıq.”
Dedim:
— Axı, nə olub?
Dedilər:
— Nə olacaq, sən sədrin katibəsi deyilsən?
— Yox, nə katibə, mən jurnalistəm.
— Sən gedəndən sonra bir nəfər gəldi ki, yeməyi sədr üçün aparsın. Dedik, katibəsi apardı… Gələn adamı az qaldı infarkt vursun; səni axtardıq, tapmadıq, nə yaxşı yeməkdən qalmışdı, birtəhər düzəldib verdik…
Demə, özümüz də bilmədən sədrin payına şərik çıxmışıq. Sevinc də elə bilib ki, yeməkxana onun jurnalist qələminə görə bu qədər səxavətlidir.

 

“Bunu da qaynanana verərsən”

Natiq “Azərbaycan” jurnalında işlədiyi illərdə də radiodan ayrı düşmürdü, efir üçün proqramlar hazırlayır, daim əlaqə saxlayırdı. Günlərin birində radioda efirə gedən verilişinə görə hamısı təptəzə manatlıqdan ibarət qonorar almışdı. Həmin manatlıqları iş yoldaşlarına, yolda rast gəldiyi tanışlara, həyətdə oynayan uşaqlara, blokun qabağında oturan “babulyalara”, evə çatanda da evdəki qonaqlara payladı.
Qonaqlar yola düşəndə əlində qalan bir neçə qəttəzə şax manatlığı onlardan birinə uzadıb dedi:
— Bunu da qayınanana verərsən, hamam pulu etsin…

 

Əlbəttə, ‘Y’ hərfinə…

Bir neçə il əvvəl “Yuxu yozmaları” adlı kitab vardı. Bu kitabı bütün günü özümlə gəzdirirdim. Hər gün redaksiyamıza başqa şöbələrdən də gələnlər olurdu. Hamı gördüyü yuxunu danışıb xahiş edirdilər ki, kitaba baxıb yozumunu deyim.
Bir dəfə də heç vaxt heç nə ilə maraqlanmayan xanım əməkdaşlardan biri mənə üz tutdu:
— Zumrud, dünən bir yuxu görmüşəm, kitabını aç bax, bu nə deməkdir?
Onun qəribə səs ahəngi vardı, həmişə də çox rəsmi danışırdı.
Soruşdum:
— Nə görmüsən, de baxım?
O yenə də çox rəsmi:
— Zumrud, dedim axı yuxu görmüşəm…
Naəlac qalıb soruşdum:
— Yaxşı, bildim, yuxu görmüsən, bəs hansı hərfə baxım?
Xanım çox təəccüblə:
— Necə yəni hansı hərfə? Əlbəttə, “Y” hərfinə…

“Adamın gərək ölüsü də qöqçek olsun”
Hər bir insanın danışıq dilində tez-tez işlətdiyi bir söz olur. Mən həmişə “gözəl” sözünü çox işlədirəm, naxçıvanlı qohumların əksəriyyəti isə “qəşəng” sözünü…
O vaxt radioda bir xanım vardı– ən çox işlədiyi söz “qöqçek” sözü idi. Göyçəyə– “qöqçek” deyirdi… Doğrudan da, hər bir işdə bir “qöqçeklik” tapırdı. Özü də çox imkanlı ailədən olsa da, bunu heç vaxt hiss etdirməzdi, heç cəhd də etməzdi. Çox qənaətcil bir xanım idi.
Bir gün qadının çox yaşlı anası qızına deyir:
— Ay bala, evdəki tirmə örtük var ha, onu atanız rəhmətə gedəndə üstünə örtmüşdüm, mən öləndən sonra üstümə örtərsiz, sonra da məscidə verərsiz, ehsan kimi istifadə edərlər…
Anasının dediyi söz qızına çox acıq gəlir. Deyir:
— Ay arvad ey, tirməni məscidə niyə veririk? Burda səndən başqa ölən olmayacaq? Adamın gərək ölüsü də qöqçek olsun. Qöqçek-qöqçek ölürsən, qöqçek-qöqçek üstünə tirməni çəkirlər, qöqçek-qöqçek də aparıb basdırırlar…

 

Aşıq qonaq

İş yoldaşımın başına gəlmiş bir əhvalatı bölüşmək istəyirəm:
Yeni il səhərinin gözü açılar-açılmaz darvaza bərkdən döyülür. Səsə çıxan evin sahibəsi qapıda əyalətdən gəlmiş aşıq qonağı görüb hörmətlə içəri dəvət edir.
Qonaq deyir:
— Qatardan düşər-düşməz düşündüm əvvəl sizə baş çəkim, sonra oğlumgilə gedəcəyəm.
Qadın qəhvəaltı hazırlaya-hazırlaya:
— Eybi yox, aşıq qardaş, bura da qardaşının evidir, narahat olma, — deyir.
Qonaq yeyib-içəndən sonra sazını sinəsinə basıb çalmağa başlayır. Səs-küyə evin kişisi yuxudan durur, arvadından nə baş verdiyini soruşur. Məsələdən hali olandan sonra gəlib qonaqla görüşür:
— Aşıq qardaş, qüsura baxma, Yeni ili qarşıladığımıza görə gec durmuşuq, — deyir.
Aşıq cavab verir:
— Hə, elə mən də ona görə birinci sizə gəldim. Bizim uşaqlar da bir az gec dururlar. Düşündüm ki, siz yaxşısınız, nə qədər də olsa, bir kənddənik.
Günorta yeməyindən sonra qonaq sazını kökləyir, “Aşıq Qərib”in nakam sevgisindən çalıb-oxumağa başlayır…
Şam yeməyi saat doqquza çəkir. Qonaq xeyli ordan-burdan söhbət etdikdən sonra saat on birdə getməyə qərar verir. Ev sahibi taksi tutur, sürücünün yol xərcini ödəyir və qonağı 8-ci kilometrə aparmasını xahiş edir.
Aşıq yola düşəndən sonra kişi yatmağa gedir, qadın isə yır- yığışla məşğul olur.
Gecə saat ikidə qadın ev işlərini qurtarıb yatmağa hazırlaşanda darvazanın bərkdən döyüldüyünü eşidib qapıya çıxır.
Taksi sürücüsü:
— Ay xanım, sən Allah, verdiyiniz pulu da geri alın, məni bu kişinin əlindən xilas edin,–deyir– Üç saatdır bütün 8-ci kilometri gəzdirmişəm, heç yerdə düşmür. Dediyi ünvanda da elə adamlar yoxdur. Özü də o qədər çalıb-oxuyub ki, lap əldən düşmüşəm…
Qadın qonağı evə dəvət edir. Evdə artıq yorgan-döşək olmadığı üçün qonağı taxtda ərinin yanında yatırdır, özünə isə o biri otaqda uşaqların yanında yer salır.
…Gecənin bir aləmində ərinin bağırtısına oyanır. Demə, gecə ev sahibi su içmək üçün yerindən qalxır və yanında saqqallı bir kişinin yatdığını görüb dəhşətə gəlir…
Ev sahibi üç gündür ki, hələ də kəkələyir…

 

Kartof komplimentdir

İş yoldaşlarımdan birinin qızı nişanlısı ilə mübahisə edərkən oğlan qıza:
— Kartof kimi çox atdanıb-düşmə, — deyir.
Bu söz qızı çox əsəbiləşdirir, anasına şikayət edir. Ana da rayona — oğlanın anasına zəng vurub izahat tələb edir. Oğlanın anası isə cavab verir:
— Siz ona fikir verməyin, yazıq uşaq kənddə bostandan, toyuq-cücədən başqa nə görüb ki… “Kartof” sözü bizim oğlan üçün kompliment kimidir…

 

Natiqin işığı

Həyat yoldaşım Natiq Səfərovla radioda tanış olmuşuq. Elə ordan başlayan tanışlığımız ömürlük yoldaşlığa çevrildi.
Natiq ciddi adam idi. Artıq sözə, artıq hərəkətə yol verməzdi. Öz-özlüyündə isə azad ruhlu bir insan idi. Onun üçün ən dözülməz olan 9-dan 6-ya qədər işdə “oturmaq” idi. Bürokratizmi heç qəbul etməzdi. Bir sözlə, əsl yaradıcı adam idi. Gecə-gündüz yazır, tərcümə edir, bütün günü işləyirdi. Boş vaxtlarında isə dostları ilə ünsiyyətdə olmağı sevirdi.
Yadımdadır, universitetdə bizə dərs demiş, sonralar teleradioda birgə çalışdığımız, hörmətini həmişə əziz tutduğumuz gözəl insan, gözəl jurnalist mərhum Tofiq Rüstəmovla qonşu idik. Axşamlar Natiq Tofiq müəllimlə gecə gəzintisinə çıxar, dünya ədəbiyyatından uzun-uzadı söhbətlər edərdilər. Bəzən də dostları ilə çayxanaya gedərdi. Natiqlə çayxanada oturmaq əsl hadisə idi. Çünki onun kimi maraqlı, savadlı, dünya ədəbiyyatını dərindən bilən adama tez-tez rast gəlinmirdi.
Bir dəfə evə çox gec gəlmişdi, gecə saat iki olardı. Qapını açanda üzümə baxıb dedi:
— Gözlərindən görürəm, narazısan. Kişi gecə on ikiyə qədər gəldi-gəldi, gəlmədi — vaxt öz əhəmiyyətini itirir.
Natiq köməksevər idi. Hətta elə olurdu ki, öz tərcümələrinin altında dostlarının adını yazdırırdı ki, onlar da qonorar ala bilsinlər. Bir dəfə iş yoldaşlarından biri zəng edib Natiqin evə çatıb-çatmadığını soruşdu. Mən “hələ gəlməyib” deyəndə dedi ki, Natiq Yazıçılar İttifaqının qarşısında dayanıb, kitabından aldığı qonorarı gəlib-gedənə paylayır.
Evə gələndə cibindəki pulun çox az olduğunu görüb soruşdum: — Bəs qonorar almadın?
Dedi:
— Almışdım. Yolda dostum D-ni gördüm. Dörd uşağı var, kirayədə yaşayır. Vicdanım yol vermədi. Qonorarımı ona, o birilərə payladım. Şükür Allaha, bizim yenə evimiz var.
Dedim:
— Evimiz var, amma qapısı yaxşı vəziyyətdə deyil axı, dəyişdirəcəkdik.
— Olsun da… Oğrudan qorxursan? Oğru bilir, kimin evinə gedir.
Zarafatla cavab verdim:
— Yox, oğrudan qorxmuram, oğrudan utanıram. Gələr, əliboş gedər, biz də yanında biabır olarıq.
Bəzən bəzi adamlara qulaq asanda düşünürəm ki, bunların danışığı sadəcə söz yığınıdır. Natiqin daxili aləmi isə olduqca zəngin idi. Onunla adi bir söhbətdə belə nəsə öyrənirdin.
Diplom işi ingilis yazıçısı Ceyms Oldricin yaradıcılığına həsr olunmuşdu. Həmin əsərlər o vaxt Azərbaycan dilinə tərcümə edilməmişdi. Natiq əsərlərdən parçaları özü dilimizə çevirmiş, dərin və maraqlı təhlil aparmışdı. Auditoriyada iştirak edənlər heyranlıqlarını gizlədə bilməmişdilər. Adətən diplom işləri 70–80 səhifə olurdu, Natiqin işi isə 150 səhifə idi. Elmi rəhbəri, professor israrla xahiş etmişdi ki, işi bir az da genişləndirib namizədlik dissertasiyası kimi müdafiə etsin. Natiq razılaşmadı: — Mən ingilis dilini bilmirəm. İngilis yazıçısını rus dilindən tərcümə etmək düzgün deyil.
İnsan dünyadan köçəndən sonra onun yaxşı əməlləri, gördüyü xeyirli işlər yaşayır. Natiqdən sonra təkcə tərcümələri və yaxşı əməlləri yox, həm də davamçıları — övladları qalıb. Sevinc də, Günel də ataları kimi savadlı, vicdanlı, mərd və dürüstdürlər. Sevinc türk dilindən əsərləri ustalıqla tərcümə edir, Günel isə radiodinləyicilərin və oxucuların rəğbətini qazanmış jurnalist və yazıçıdır.
Təsadüfi deyil ki, Natiqin babası Mirzə Məmmədqulu dövrünün görkəmli ziyalılarından olub. Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin məktəbi” əsərində pristavın dilmancı Mirzə Məmmədqulu obrazı onun prototipidir. O, eyni zamanda xeyriyyəçi kimi tanınıb. El arasında deyildiyi kimi: ot kökü üstə bitər…

 

Yaxşı insanlar olmasa…

Yaxşı insanlar olmasa, dünya doğrudan da məhv olardı. Yaxşı insan olmağın nə var-dövlətlə, nə vəzifəylə, nə də başqa bir şeylə əlaqəsi var. Yaxşı — yaxşının, pis də pisin adıdır.
Natiqin ən sadiq dostlarından biri Azər Abdulla idi. Natiq Azər müəllimlə lap cavan vaxtlarından ömrünün sonunadək dost olmuşdu. Natiq dünyasını dəyişəndən sonra da Azər müəllim bizi unutmamışdı. Xanımı ilə birlikdə ailəmizi tez-tez yoluxar, hal-əhval tutardı. Deyərdi ki, elə gün olmur evdə, dostlar arasında Natiqi xatırlamayım, onun zarafatla dediyi sözləri yada salmayım…
Azər müəllimi qırx il əvvəl necə görmüşdümsə, elə də qalmışdı. Bu insan dəyişməmişdi — mədəni, sakit, təvazökar, gözəl qəlbli, həssas, səmimi, xeyirxah…
Xanımı Südabə xanım da eynilə Azər müəllim kimidir. Atalar yaxşı deyib: ər-arvadın torpağı bir yerdən götürülür. Südabə xanımı da həyat, illər dəyişməyib. Doğrudan da, bəzi insanlar bizə ərmağan olur, bəziləri isə dərs…
Natiqin sadiq dostları arasında Şahbaz Xuduoğlu da var. O, bütün müsahibələrində Natiqi hörmətlə xatırlayır. Hətta Fransanın nüfuzlu mükafatını alarkən, bu uğurda Natiq Səfərovun da payı olduğunu xüsusi vurğuladı. Etibarlı dostlar sırasında Məmməd Orucun, Kamal Abdullanın da adlarını çəkmək yerinə düşər — çünki dostluq zamanla ölçülmür, möhkəmliyi ilə tanınır.
Görəsən, yaxşı adamlar olmasaydı, dünya necə olardı? Həyatda hər şey olmaq olar, ən vacibi isə insan olmaqdır. Nahaq deməyiblər ki, düşəndə yanında olan yox, qalxmağın üçün əl uzadan dostundur.

 

Müəllif: Zümrüd Səfərova

Mənbə: Azərbaycan.media