🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Çin dünyanın ən böyük dəniz günəş elektrik stansiyasını şəbəkəyə qoşdu

Azərbaycan.media xəbər verir ki, Çin dünyanın ən böyük dəniz günəş elektrik stansiyasını milli elektrik şəbəkəsinə qoşma prosesini uğurla başa çatdırıb. Layihə Çin Enerji İnvestisiya Korporasiyasının törəmə şirkəti tərəfindən həyata keçirilib. Miqyaslı dəniz fotoelektrik kompleksi ölkənin şərqində, Şandun əyalətinin Dunyin şəhərinin Kenli rayonunda, sahil zolağında yerləşir.

Qeyd olunur ki, bu obyekt Çinin 1 giqavat (GVt) gücündə ilk dəniz günəş elektrik stansiyasıdır. Açıq dənizdə 1 200 hektardan çox ərazini əhatə edən layihə hər biri təxminən beş basketbol meydançası ölçüsündə olan 3 minə yaxın fotoelektrik platformadan ibarətdir. Bu platformalar birlikdə su üzərində yerləşən dünyanın ən böyük günəş elektrik stansiyasını formalaşdırır.

Məlumata əsasən, “Guohua Energy Investment Company” tərəfindən inşa edilən qurğuda dəniz mühitinin sərt və dəyişkən şəraitində stabil işləməni təmin edən yeni mühəndislik və texnoloji həllər tətbiq olunub. Layihənin Çinin bərpa olunan enerji potensialının artırılmasına və karbon emissiyalarının azaldılmasına mühüm töhfə verəcəyi bildirilir.