Azərbaycan.media xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Qərbin Ukraynaya təhlükəsizlik zəmanətləri, ölkənin bərpası və Rusiya ilə münasibətlərin normallaşdırılması ilə bağlı təkliflər irəli sürdüyünü, lakin Kiyevin münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını bildirib.
Moskva bürosunun məlumatına görə, bunu Vladimir Putin Birləşmiş Qoşun Qruplaşmasının komanda məntəqəsində hərbçilərlə görüşü zamanı deyib. Onun sözlərinə görə, Rusiya Ukrayna Silahlı Qüvvələrinin hazırda nəzarətində olan ərazilərdən, o cümlədən Donetsk vilayətinin bəzi hissələrindən könüllü şəkildə geri çəkilmək niyyətində deyil.
Putin vurğulayıb ki, əgər Kiyev münaqişəni sülh yolu ilə həll etmək istəməsə, Moskva “Xüsusi Hərbi Əməliyyat”ın məqsədlərinə hərbi vasitələrlə nail olacaq.
Rusiya Prezidenti, həmçinin Rusiya–Ukrayna sərhədi boyunca bufer zonanın yaradılması prosesinin yaxşı templə davam etdiyini qeyd edib.
Qeyd edək ki, Putin Birləşmiş Qoşun Qruplaşmasının komanda məntəqəsini də ziyarət edib. Kreml bildirir ki, o, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun məruzəsini dinləyib. Məruzədə “Donetsk Xalq Respublikası”nın Dimitrov şəhərinin, eləcə də Zaporojye vilayətinin Qulyaypole şəhərinin ələ keçirildiyi bildirilib.
