Azərbaycan.media xəbər verir ki, dekabrın 27-də Biləsuvar rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə saat 16:50–17:00 radələrində Biləsuvar–Bəhramtəpə avtomobil yolunun Çaylı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Fidan Rüstəmovanın idarə etdiyi “Lexus” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı Mil-Muğan su kanalına aşıb.
Qəza zamanı avtomobildə olan sərnişinlərdən iki nəfər – 1993-cü il təvəllüdlü Aytac Rüstəmli və 2003-cü il təvəllüdlü Aynur Rüstəmli hadisə yerində həyatını itirib. Məlumata görə, ölənlər bacı olublar və digər sərnişinlərlə birlikdə əmisi oğlanlarının nişan mərasiminə gedirmişlər.
Hadisə nəticəsində xəsarət alan daha 4 qadın Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. TƏBİB-dən APA-nın cənub bürosunun sorğusuna cavab olaraq bildirilib ki, hazırda pasiyentlərin müalicəsi davam etdirilir, vəziyyətləri ağır qiymətləndirilir.
Qeyd edək ki, qəza zamanı avtomobildə ümumilikdə 6 qadın olub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
