🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Britaniyada yeni qanun: gənclərə ömürlük siqaret qadağası tətbiq olunacaq

Azərbaycan.media xəbər verir ki, Böyük Britaniyada 2009-cu il yanvarın 1-dən sonra doğulan şəxslər üçün siqaret alınmasına ömürlük qadağa tətbiq ediləcək.
Məlumata görə, Birləşmiş Krallığın Səhiyyə Nazirliyi tərəfindən təqdim edilən qanun layihəsi artıq parlamentdə bütün mərhələlərdən keçib. Sənədin qüvvəyə minməsi üçün III Çarlz tərəfindən imzalanması tələb olunur.
Yeni qanunun əsas məqsədi siqaretdən azad ilk nəslin formalaşdırılmasıdır. Qaydalara əsasən, hazırda 17 yaşı olan və ondan kiçik şəxslər gələcəkdə heç vaxt siqaret ala bilməyəcəklər.
Bundan əlavə, qanun siqaret, elektron siqaret və nikotin tərkibli məhsulların istifadəsinə daha sərt məhdudiyyətlər nəzərdə tutur. Elektron siqaretlərin istifadəsinin qadağan olunduğu ərazilər genişləndiriləcək – bu siyahıya uşaq meydançaları, məktəblər və xəstəxanaların ətrafı daxildir. Həmçinin, içərisində uşaqlar olan avtomobillərdə elektron siqaret istifadəsi qadağan ediləcək.
Qanunun tənqidçiləri isə bu addımın qeyri-demokratik və ədalətsiz olduğunu bildirirlər. Onların fikrincə, belə məhdudiyyətlər ailələrdə hüquq bərabərsizliyi yarada və gələcəkdə digər məhsullara da oxşar qadağaların tətbiqinə yol aça bilər.