🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakıda qış sərt keçə bilər – Ekoloqdan xəbərdarlıq

Azərbaycan.media xəbər verir ki, qış mövsümünə hazırlıqla bağlı Bakının rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun olaraq mövsümə, xüsusilə də qarlı havalara hazırlıq işləri başa çatdırılıb. Şəhər və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, əlavə tədbirlər görülüb. Görülən işlərə nəzarət məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti hər bir rayona məsul şəxslər təyin edib.

Bu il Bakıda qış mövsümünün əvvəlki illərlə müqayisədə daha sərt keçə biləcəyi ilə bağlı fikirlər səsləndirilir. Havaların kəskin soyuması və intensiv yağıntı ehtimalı isə ictimai maraq doğurur.

Mövzu ilə bağlı Ölkə.az-a danışan ekoloq Ənvər Əliyev bildirib ki, bu il anomal payız ayları müşahidə olunub. Onun sözlərinə görə, tarixən belə payızların ardından sərt qışlar gəldiyinə dair müəyyən qanunauyğunluqlar mövcuddur:

“Vaxtilə sentyabrın sonu–oktyabrın ortalarında hətta ‘plyaj mövsümü’ yaşanıb. Belə havalar nadir olsa da, keçmişdə də müşahidə edilib. Yaşlı nəsil bunu qışın sərt keçəcəyinin əlaməti kimi qəbul edirdi. Bu fikirlər sinoptik müşahidələrə deyil, təbii qanunlara və uzunillik təcrübəyə əsaslanırdı. İndi də oxşar vəziyyət təkrarlanır”.

Ekoloq qeyd edib ki, hazırda qışın sərt keçəcəyini istisna etməyən mütəxəssislər var və bu baxımdan qabaqlayıcı tədbirlərin görülməsi vacibdir:

“Bakıda nəqliyyat, insanların gündəlik gediş-gəlişi və iş prosesi onsuz da çətin vəziyyətdədir. Qış bir qədər sərt keçərsə, şəhərdə vəziyyət daha da ağırlaşa bilər. Ona görə də vaxtında tədarük görülməsi müsbət haldır. Qışın necə keçəcəyini dəqiq demək mümkün deyil. Hava şəraiti yalnız bir neçə gün, maksimum bir həftə öncədən təxmini proqnozlaşdırılır. Uzunmüddətli proqnozlar isə əsasən çoxillik statistik göstəricilərə söykənir və bəzən özünü doğruldur”.

Ənvər Əliyev vurğulayıb ki, qış sərt olmasa belə, görülən hazırlıq tədbirləri əhalinin gündəlik çətinliklərinin azalmasına xidmət edəcək.