Azərbaycan.media xəbər verir ki, Qırğızıstan Prezidenti Sadır Japarov qlobal iqlim dəyişikliyinin dünya miqyasında su ehtiyatlarına ciddi təzyiq göstərdiyini bildirib.
Onun sözlərinə görə, hazırda dünyada 3,6 milyarddan çox insan su çatışmazlığı ilə üzləşir və 2050-ci ilə qədər bu rəqəmin 5 milyardı keçəcəyi proqnozlaşdırılır. Prezident qeyd edib ki, temperaturun sürətlə yüksəlməsi, yağıntıların azalması və quraqlıqların artması fonunda ekstremal hava hadisələri daha tez-tez baş verir.
Sadır Japarov vurğulayıb ki, qlobal istiləşmə planetin su dövranına birbaşa təsir göstərir və bu prosesin nəticələri bütün ölkələrdə hiss olunur:
“Elm sübut edir ki, buzlaqların əriməsi sürətlənir. Son 70 ildə Qırğızıstanda buzlaqların sahəsi 16 faiz azalıb. Bu isə çayların və su anbarlarının axınının zəifləməsi, eləcə də enerji istehsalı üçün şəraitin pisləşməsi deməkdir”.
Prezident İssık-Kul gölündə yaranmış vəziyyətə də diqqət çəkib. Bildirib ki, 1854-cü ildən bu yana göldə suyun səviyyəsi təxminən 14 metr aşağı düşüb, hazırda həcmi 85 milyard kubmetr təşkil edir. Onun sözlərinə görə, gölə axan çayların sayı da kəskin azalıb:
“1950–60-cı illərdə İssık-Kula 100–110 çay axırdısa, hazırda bu rəqəm cəmi 30–35-dir. Bu tendensiya davam edərsə, region ciddi ekoloji və sosial-iqtisadi problemlərlə üzləşə bilər”.
