Azərbaycan.media xəbər verir ki, Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin təsisçisi və Direktorlar Şurasının sədri Məhəmməd Əbunəyyan Prezident İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Məktubda Prezident İlham Əliyevin uzaqgörən liderliyi xüsusi vurğulanaraq bildirilib ki, Azərbaycan onun müdrik və qətiyyətli rəhbərliyi altında suverenliyini və ərazi bütövlüyünü bərpa edib, bu isə beynəlxalq ictimaiyyətdə dərin hörmət, ölkə vətəndaşlarında isə böyük qürur hissi yaradıb.
Qeyd olunub ki, azad edilmiş ərazilərin uğurla bərpası və reinteqrasiyası, eləcə də regional və qlobal əhəmiyyət daşıyan enerji layihələrinin həyata keçirilməsi Prezident İlham Əliyevin uzaqgörənliyinin və xalqın rifahına sarsılmaz sadiqliyinin bariz nümunəsidir.
Təbrik məktubunda iqtisadi şaxələndirmə, dayanıqlı inkişaf və yaşıl keçid sahəsində atılan addımların Azərbaycanın firavan və sabit gələcəyinin əsasını təşkil etdiyi vurğulanıb. COP29-a ev sahibliyi etmək hüququnun qazanılması isə ölkənin qlobal nüfuzunun və davamlı enerji sahəsində liderliyinin göstəricisi kimi qiymətləndirilib.
Məhəmməd Əbunəyyan “ACWA Power” şirkətinin bu proseslərə töhfə verməkdən qürur duyduğunu bildirib və tərəfdaşlıq çərçivəsində daha təmiz və təhlükəsiz enerji gələcəyi naminə əməkdaşlığın davam etdiriləcəyini qeyd edib.
Məktubun sonunda Prezident İlham Əliyevə möhkəm cansağlığı, xoşbəxtlik, uğurlar, Azərbaycan xalqına isə davamlı sülh və rifah arzulanıb.
