🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

AZAL təyyarəsi faciəsinin ildönümü: Abidə açılıb, Zaxarova Ukraynanı ittiham edib

Azərbaycan.media xəbər verir ki, bu gün Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsi ilə bağlı faciənin baş verməsindən düz bir il keçir.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, təyyarə qəzasında Rusiya, Azərbaycan və Qazaxıstan vətəndaşları həlak olub, Qırğızıstan vətəndaşları isə yaralanıb: “Biz yaxınlarını itirənlərin ağrı və kədərini tam bölüşürük”.

Zaxarova qeyd edib ki, dekabrın 24-də Qroznıda baş verən qəzanın ildönümündə faciə qurbanlarının xatirəsinə abidə açılıb. Mərasimdə Çeçenistan rəhbərliyi və Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev iştirak edib. Abidənin üzərində “Təyyarə qəzasında həlak olanların əbədi xatirəsi. Adlarınız qəlbimizdə əbədi qalacaq” yazısı yer alıb.

Rusiya rəsmisi Ukraynanı AZAL-a məxsus sərnişin təyyarəsinin vurulmasında günahlandırıb və iddia edib ki, faciənin əsas səbəbi Ukraynanın Rusiya mülki infrastrukturuna PUA-lardan istifadə edərək terror hücumlarıdır.

O əlavə edib ki, hadisədən dərhal sonra Rusiya və Azərbaycan liderləri telefonla danışıb, daha sonra 2024-cü il dekabrın 28-də Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev ilə telefon danışığında ölkəmizin hava məkanında baş verən faciəli hadisəyə görə rəsmi üzr istəyib.

Xatırladaq ki, Bakı-Qroznı marşrutu ilə uçan AZAL təyyarəsi ötən il dekabrın 25-də Çeçenistanda Rusiyanın hava hücumundan müdafiə sisteminin hədəfi olub. Qroznı hava limanına eniş icazəsi verilməyən təyyarə məcburi şəkildə istiqamətini dəyişdirərək Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.