🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Beynəlxalq konfrans iştirakçıları Heydər Əliyev Mərkəzində – Leyla Əliyeva qonaqlarla birgə sərgini ziyarət etdi

Azərbaycan.media xəbər verir ki, Bakıda keçirilən “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın iştirakçıları Heydər Əliyev Mərkəzində olublar.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva qonaqlarla birgə su ehtiyatlarının qorunmasına çağırış edən “Mənim dənizlərim, mənim okeanlarım” adlı sərgini ziyarət edib.

Qeyd edək ki, Heydər Əliyev Fondu və IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü ilə təşkil olunan ekspozisiyada müasir rəssamların qlobal ekoloji problemlərə həsr edilmiş əsərləri nümayiş etdirilir. Sərgidə çirklənmə, həddindən artıq balıq ovu, bioloji müxtəlifliyin itirilməsi kimi məsələlər bədii ifadə vasitələri ilə diqqətə çatdırılır. Əsərlərdə su həyatın, yenilənmənin və yaradıcı təsəvvürün əsas mənbəyi kimi təqdim olunur.

Ekspozisiyada iştirak edən rəssamlar, heykəltaraşlar, multimedia və çoxsahəli sənətçilər iqlim dəyişikliyi, davamlı inkişaf və dəniz biomüxtəlifliyi mövzularına müraciət edərək, bədii işləri vasitəsilə dənizlərin və okeanların, eləcə də ortaq gələcəyin qorunmasına çağırış edirlər.

Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva İran nümayəndə heyətinin rəhbəri, İran İslam Respublikası Prezidentinin qızı Zəhra Pezeşkian ilə ikitərəfli görüş keçirib.

Tədbir çərçivəsində qonaqlar tərəfindən Leyla Əliyevaya xatirə hədiyyəsi təqdim olunub. Eyni zamanda, Leyla Əliyeva da qonaqlara hədiyyələr verib.