🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ərdoğan Livan prezidentinə dəstək mesajı verdi – Telefon danışığı baş tutdu

Azərbaycan.media xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Livan Prezidenti Cozef Aunla telefon danışığı aparıb.

Bu barədə Türkiyə Prezidenti Administrasiyası “X” sosial şəbəkəsində məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı Türkiyə–Livan ikitərəfli münasibətləri, eləcə də regionda mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Rəcəb Tayyib Ərdoğan söhbət zamanı Türkiyənin Livanın sabitliyini və suverenliyini daim dəstəklədiyini vurğulayıb. O qeyd edib ki, Ankara Livanın təhlükəsizliyinin təmin olunmasına yönəlmiş beynəlxalq mexanizmlərdə iştirak etməyə hər zaman hazırdır.

Türkiyə Prezidenti həmçinin Suriyada baş verən genişmiqyaslı dəyişikliklərin bölgədə sabitliyə töhfə verməsi üçün ölkəsinin dəstəyini davam etdirəcəyini diqqətə çatdırıb. Ərdoğan regional sülh və təhlükəsizliyin qorunmasının Türkiyənin xarici siyasətində əsas prioritetlərdən biri olduğunu bildirib.