Azərbaycan.media xəbər verir ki, Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi üçün dabaq xəstəliyinə qarşı peyvənd vasitələrinin satın alınması məqsədilə Aqrar Xidmətlər Agentliyi bir sıra şirkətlərlə müqavilələr imzalayıb.
Belə ki, agentlik “Epidbiomed” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə iki ayrı müqavilə bağlayıb. Müqavilələrə əsasən, dabaq xəstəliyinin A, O, SAT-2 ştammlarına qarşı peyvəndlərin alınması üçün şirkətə 3 milyon 452 min 800 manat, A, O, Asiya-1, SAT-2 ştammlarına qarşı peyvəndlərin alınması üçün isə 3 milyon 819 min 900 manat ödəniləcək.
Məlumata görə, “Epidbiomed” MMC 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 10 manat olan şirkətin qanuni təmsilçisi Əliyev Məmmədəli Sabir oğludur.
Bununla yanaşı, Aqrar Xidmətlər Agentliyi dabaq xəstəliyinin A, O, Asiya-1, SAT-1, SAT-2 və A, O, SAT-1, SAT-2 ştammlarına qarşı peyvəndlərin alınması üçün “Megavet” LLC ilə də müqavilə bağlayıb. Həmin müqaviləyə əsasən, şirkətə 2 milyon 277 min 578 manat 95 qəpik məbləğində vəsait ödəniləcək.
Qeyd edək ki, “Megavet” LLC ilə bağlanan bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
