Azərbaycan.media xəbər verir ki, yazıçı Samirə Əşrəf yazıçı-publisist Günel Natiq haqqında fikirlərini bölüşərək, mediada fədakar qələm adamlarına münasibətdə yaranmış ədalətsizliyə diqqət çəkib.
Samirə Əşrəf qeyd edir ki, hər bir işdə və sənətdə uğurun əsas şərti ona vurğunluqla yanaşmaqdır. O, mediada uzun illər çalışdığını, lakin bu müddətdə heç vaxt könülsüz yazı qələmə almadığını vurğulayır. Müəyyən mərhələdə jurnalistikadan uzaqlaşmasının səbəbi isə bu sahədə şəxsi iddiasının olmaması ilə bağlıdır.
“Özümü jurnalist hesab edirəm, bəli. Amma aramızda elə insanlar var ki, ömürlərini bu peşəyə həsr ediblər. Onların təltif sevinclərini başa düşürəm. Eyni zamanda kənarda qalan, fədai kimi çalışan qələm adamlarının haqlı narazılığını da görür və anlayıram”, – deyə Samirə Əşrəf bildirir.
Onun sözlərinə görə, bu baxımdan ən çox üzüldüyü şəxslərdən biri Günel Natiqdir. Yazıçı-publisist uzun illər ərzində radio və yazılı mətbuatdan tutmuş saytlar, jurnallar və onlayn mediayadək müxtəlif platformalarda yorulmadan çalışıb, ədəbi yazılar, tərcümələr, yüzlərlə araşdırma ərsəyə gətirib.
Samirə Əşrəf Günel Natiqi tanınmış qələm adamı Natiq Səfərovun layiqli davamçısı adlandıraraq, “ata faktorunu ona görə vurğulayıram ki, o da zamanında diqqətdən kənarda qalıb”, – deyə qeyd edir.
Məqalədə xüsusi vurğulanır ki, Günel Natiqin səhhətinin ən ağır dövrlərində belə əzmlə çalışması, müsahibələr və reportajlar hazırlaması hamının gözü önündə olub. Lakin bu gün onun kimi zəhmətkeş və fədakar qələm adamının unudulması ciddi narahatlıq doğurur.
“Günel Natiq üçün ‘Tərəqqi’ medalı və digər mükafatlar ən təbii haqqdır. Kimlər unudub, niyə unudub – bunu demək çətindir. Amma çoxlarına adi görünən bu faktın adı haqsızlıqdır. Təəssüf ki, bu söz qələmlə işləyənlərin yaddaşından çoxdan çıxıb”, – deyə Samirə Əşrəf vurğulayır.
Yazıçı hesab edir ki, Günel Natiq kimi qələm adamlarını nəzərə almaq, onları ön sıralara çıxarmaq bu sahədə qərar verənlərin əsas vəzifələrindən biri olmalı idi.
“Təəssüf…” – deyə o, fikrini tamamlayır.
Mənbə: Azərbaycan.media
