Azərbaycan.media xəbər verir ki, “Türk Hava Yolları” (“Turkish Airlines”) mart ayından etibarən İrəvana birbaşa uçuşlar həyata keçirəcək.
Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç bildirib ki, “Turkish Airlines” 2026-cı il martın 11-dən etibarən İstanbul–İrəvan–İstanbul marşrutu üzrə gündəlik reyslərə başlayacaq.
Serdar Kılıç bu barədə X sosial şəbəkə hesabında paylaşım edib. O yazıb: “İrəliyə doğru daha bir addım. Bu dəfə bizim milli aviadaşıyıcımız ‘Turkish Airlines’ 11 mart 2026-cı il tarixindən etibarən İstanbul–İrəvan–İstanbul istiqamətində gündəlik uçuşlara başlayacaq”.
Qeyd edək ki, ötən ilin sentyabr ayında “Türk Hava Yolları” İrəvana müntəzəm uçuşlar həyata keçirmək niyyətini açıqlamışdı. Həmin vaxt bildirilmişdi ki, uçuşların icrası mövcud imkanlar və bazar şərtlərindən asılı olacaq.
