🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

DİM-dən xarici dil imtahanları ilə bağlı açıqlama: bakalavriatda danışıq yox, magistraturada yeni məhdudiyyət

Azərbaycan.media xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin müxtəlif pillələrinə qəbul prosesində xarici dil imtahanlarının fərqli şərtlərlə həyata keçirildiyini açıqlayıb.

Bakalavr pilləsinə qəbul imtahanlarında xarici dil üzrə danışıq qabiliyyətinin yoxlanılması yaxın vaxtlarda planlaşdırılmır.

Bildirilib ki, magistraturaya qəbulda isə 2026-cı il üçün əsas yenilik tədrisi ingilis dilində olan ixtisaslara qəbul olmaq istəyən bakalavrlar üçün yazı blokunda esse tapşırığına 2 bal məhdudiyyətinin tətbiq edilməsidir. Bu addım xarici dil bacarıqlarının daha obyektiv və məqsədyönlü qiymətləndirilməsi, həmçinin xarici dildə tədris olunan ixtisaslara uyğun seçim mexanizminin formalaşdırılması məqsədi daşıyır.

DİM-dən bildirilib ki, magistraturaya qəbul imtahanlarında danışıq bacarıqlarının qiymətləndirilməsi məsələsi bir neçə ildir müzakirə olunur. Hazırda bu istiqamətdə normativ-hüquqi bazanın yaradılması və texniki imkanların formalaşdırılması prosesi davam edir. Lakin danışıq blokunun tətbiqi 2026-cı ildə keçiriləcək imtahanlarda hələlik nəzərdə tutulmur.

Qeyd olunub ki, magistraturaya qəbul imtahanlarında bütün dil bacarıqları üzrə tapşırıqlar CEFR standartlarına uyğunlaşdırılır. Məqbul hesab edilən səviyyə ixtisasın tədris dili, profili və tələb olunan dil kompetensiyasına uyğun müəyyən edilir. Ümumi yanaşmaya əsasən, akademik təhsil mühiti üçün B1/B1+ səviyyəsi nəzərdə tutulur.

Bakalavr pilləsi üzrə isə namizədlərin seçə biləcəkləri xarici dillər konkretləşdirilib. Bunlar ingilis, rus, fransız və alman dilləridir. Eyni zamanda, məhdud sayda ixtisaslar üzrə ərəb və fars dillərinin seçilməsinə də icazə verilir. İmtahanların eyni metodoloji prinsiplərlə keçirilməsi planlaşdırıldığı üçün bu sahədə kadr çatışmazlığı gözlənilmir.

Danışıq mövzularına hazırlıqla bağlı imtahan iştirakçılarına əvvəlcədən yalnız nümunə mövzu və tapşırıq formatlarının təqdim edilməsi planlaşdırılır. Namizədlərə əsasən B1+ səviyyəsinə uyğun gündəlik mövzular, akademik kontekstdə ümumi situasiyalar, eləcə də yaş, təhsil, maraqlar və gələcək planlar kimi real kommunikasiya sahələri üzrə hazırlaşmaq tövsiyə olunur.