Azərbaycan.media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına qəsəbədə görülmüş işlər barədə məlumat verib.
Bildirilib ki, təmir-bərpa işlərinə bu ilin may ayında başlanılan Kərkicahanda hazırda 33 yaşayış binası və 1037 fərdi ev mövcuddur. Onlardan 247-si yararsız, 790-ı isə qismən yararlıdır. Bu ilin sonunadək 40, 2026-cı ildə isə 280 fərdi evin təmir edilməsi nəzərdə tutulur. Artıq 30 evdə təmir işləri başa çatdırılıb. İlkin mərhələdə 30 ailə olmaqla, ümumilikdə 115 sakin müvəqqəti məskunlaşdıqları şəhər və rayonlardan qəsəbəyə – öz dədə-baba yurdlarına qayıdıb.
Məlumata görə, qəsəbədə sosial infrastrukturun bərpası istiqamətində də mühüm layihələr icra olunub. Fərdi evlərin yerləşdiyi ərazilərdə su, elektrik və qaz xətləri yoxlanılıb, 2 kilometr yeraltı optik kabel, 510 metr elektrik xətti çəkilib, işıq dirəkləri quraşdırılıb, küçə işıqlandırılması təmin edilib, daxili yollar asfaltlanıb. Eyni zamanda, 60 çarpayılıq 1 nömrəli körpələr evi–uşaq bağçasında və 624 şagird yerlik tam orta məktəbdə əsaslı təmir işləri aparılıb.
Qeyd edək ki, Prezident İlham Əliyev Kərkicahan qəsəbəsində daha əvvəl – 2023-cü il oktyabrın 15-də də olub.
Dəniz səviyyəsindən 1130 metr hündürlükdə yerləşən, ümumi sahəsi 234 hektar olan Kərkicahan Xankəndi şəhər ərazi vahidində qəsəbədir. 1960-cı illərdə keçmiş vilayətin millətçi erməni rəhbərliyi tərəfindən qəsəbənin adı yaşayış məntəqələrinin rəsmi siyahısından çıxarılaraq Xankəndi şəhərinə birləşdirilib. 1991-ci ilin sonunda işğal olunan Kərkicahan 1992-ci ildə ermənilər tərəfindən yandırılıb. İşğaldan əvvəl qəsəbədə 355 ailə olmaqla 1796 azərbaycanlı yaşayırdı. Hazırda qeydiyyatda 674 ailə, ümumilikdə isə 2531 sakin mövcuddur.
Kərkicahan qəsəbəsi 2023-cü ildə Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirləri nəticəsində işğaldan azad edilib.
