🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İstanbulda Azərbaycan məktəbi yaradılır – ibtidai, orta və lisey səviyyələrini əhatə edəcək

Azərbaycan.media xəbər verir ki, İstanbul şəhərində ibtidai, orta məktəb və lisey səviyyələrində fəaliyyət göstərəcək Azərbaycan Respublikasının təhsil müəssisəsinin yaradılması nəzərdə tutulur. Bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 31 oktyabr tarixli Sazişə Əlavə Protokol”un təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.

 Əlavə Protokol 2017-ci il 31 oktyabr tarixli Sazişin icrası məqsədilə hazırlanıb. Sözügedən Saziş iki dövlət arasında təhsil sahəsində əməkdaşlığın hüquqi əsaslarını müəyyən edir, təhsil müəssisələri arasında əlaqələrin inkişafını, təcrübə mübadiləsini və birgə təhsil təşəbbüslərinin həyata keçirilməsini nəzərdə tutur.

Qeyd olunub ki, Əlavə Protokol Sazişin 19-cu maddəsinə uyğun olaraq bağlanıb və məktəb binalarının istifadəyə verilməsi, həmin binalarda təhsil fəaliyyətinin həyata keçirilməsi, idarəetmə, maliyyə, eləcə də təmir-bərpa məsələlərini tənzimləyir. Protokola əsasən, Türkiyə Respublikasının İstanbul şəhərində Türkiyə qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərəcək Azərbaycan Respublikasının təhsil müəssisəsinin yaradılması, eyni zamanda Azərbaycan Respublikasında “Bakı Türk Təhsil Müəssisələri”nin fəaliyyəti üçün müvafiq binaların qarşılıqlı şəkildə müddətsiz və əvəzsiz istifadəyə verilməsi nəzərdə tutulur. Bu zaman məktəb binalarının mülkiyyət hüququ istifadəyə verən tərəfdə saxlanılır.

Sənəddə Azərbaycan təhsil müəssisəsində təhsilin Azərbaycan Respublikasının dövlət təhsil proqramları və beynəlxalq təhsil proqramları əsasında aparılması, türk dili və türk fənlərinin tədrisi, müəllim heyətinin təmin edilməsi və əməkhaqlarının ödənilməsi mexanizmləri, dərslik və tədris ləvazimatlarının gömrük prosedurları, habelə müəllimlər və onların ailə üzvləri üçün müvəqqəti yaşama icazələrinin verilməsi ilə bağlı müddəalar da yer alıb.

Əlavə Protokolda məktəb binalarının yalnız təhsil məqsədləri üçün istifadə olunması, tədris fəaliyyətinin daimi dayandırılması hallarında istifadə hüququna xitam verilməsi qaydası, həmçinin binaların yararlı vəziyyətdə təhvil-təslim olunması prosedurları müəyyən edilib. Eyni zamanda, təmir, bərpa, yenidənqurma və əlavə tikinti işlərinin istifadə edən tərəfin məsuliyyətində olduğu, istifadə hüququna xitam verildikdə isə sonradan inşa edilmiş obyektlərin və qurğuların hər hansı kompensasiya ödənilmədən binanı istifadəyə verən tərəfin mülkiyyətində qalacağı təsbit edilib.

Sənəddə maliyyə məsələlərinin, o cümlədən vergi və rüsumların tutulmasının tərəflərin milli qanunvericiliyinə uyğun şəkildə tənzimlənməsi də nəzərdə tutulur.

Qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.