Azərbaycan.media xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda bu gün iki təyyarə məcburi eniş həyata keçirib.
Bildirilib ki, “Finnair” aviaşirkətinə məxsus, Helsinki – Puket marşrutu üzrə uçuş həyata keçirən Airbus A350 tipli təyyarənin kapitanı göyərtədəki sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi səbəbindən Bakı aeroportuna eniş üçün müraciət edib. Təyyarə yerli vaxtla 00:54-də uğurla eniş edib. Sərnişinə dərhal ilkin tibbi yardım göstərilib və o, şəhər klinikalarından birinə yerləşdirilib. Hava gəmisi saat 02:59-da uçuşunu təyinat məntəqəsinə davam etdirib.
Bundan əlavə, “Cargolux Airlines” aviaşirkətinə məxsus, Çjençjou – Aşqabad marşrutu üzrə hərəkət edən Boeing 747 tipli təyyarə, təyinat aeroportunda əlverişsiz meteoroloji şərait səbəbi ilə Bakı aeroportuna məcburi eniş edib. Təyyarə 08:32-də təhlükəsiz şəkildə eniş edib.
Hər iki halda bütün tədbirlər beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına və müəyyən edilmiş prosedurlara uyğun şəkildə həyata keçirilib.
