🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Elnarə Akimova: “Şəhərsalma və Memarlıq İli” Azərbaycanın inkişafında yeni keyfiyyət mərhələsidir

Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyevin 2026-cı ili ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan etməsi müasir Azərbaycan dövlətçiliyinin inkişaf fəlsəfəsini əks etdirən strateji qərardır. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova bildirib.

Deputat qeyd edib ki, bu Sərəncam urbanistik düşüncənin, milli memarlıq irsinin və müasir şəhər mədəniyyətinin dövlət siyasətində prioritet mərhələyə keçdiyini nümayiş etdirir. Onun sözlərinə görə, son illər ölkədə aparılan genişmiqyaslı quruculuq işləri, şəhər və kəndlərin simasının köklü şəkildə dəyişməsi bu qərarın zəruriliyini artıq praktikada sübut edib.

Elnarə Akimova vurğulayıb ki, Bakıdan regionlara, ən ucqar yaşayış məntəqələrindən işğaldan azad edilmiş ərazilərə qədər həyata keçirilən layihələr göstərir ki, şəhərsalma artıq yalnız infrastruktur məsələsi deyil, eyni zamanda sosial rifahın, estetik düşüncənin və milli kimliyin ifadə vasitəsidir. Prezidentin imzaladığı yeni Sərəncam bu yanaşmanı sistemli, elmi və konseptual mərhələyə yüksəldir.

Deputat bildirib ki, Azərbaycan şəhərsalma sahəsində unikal tarixi təcrübəyə malikdir. İçərişəhərdən Şəkiyə, Gəncədən Naxçıvana qədər formalaşmış memarlıq məktəbləri xalqın dünyagörüşünü, həyat tərzini və estetik zövqünü özündə əks etdirir. Müasir dövrdə bu irsin qorunması ilə yanaşı, yeni texnologiyalar, ekoloji tələblər və urbanistik çağırışlarla uzlaşdırılması dövlət siyasətinin əsas xəttinə çevrilib.

Onun sözlərinə görə, xüsusi əhəmiyyət daşıyan istiqamətlərdən biri də işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma prosesidir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları Azərbaycan şəhərsalmasının yeni mərhələyə qədəm qoyduğunu göstərir. Burada memarlıq insan mərkəzli, təhlükəsiz, ekoloji və funksional yaşayış mühitinin yaradılması anlamına gəlir.

Elnarə Akimova qeyd edib ki, “Şəhərsalma və Memarlıq İli” həm də memarlar, urbanistlər, mütəxəssislər və gənc yaradıcılar üçün yeni imkanlar ili olacaq. Bu çərçivədə elmi müzakirələrin, beynəlxalq forumların, sərgilərin, müsabiqələrin və maarifləndirici layihələrin keçirilməsi gözlənilir ki, bu da peşəkar mühitin güclənməsinə və milli memarlıq düşüncəsinin beynəlxalq miqyasda tanıdılmasına xidmət edəcək.

Deputat əlavə edib ki, bu qərar şəhərsalma prosesində ictimai məsuliyyəti də ön plana çıxarır. Şəhər mədəniyyətinin yalnız memarların deyil, bütövlükdə cəmiyyətin davranış və düşüncə tərzi ilə formalaşdığını vurğulayan E.Akimova yaşayış mühitinə hörmətin, tarixi binaların qorunmasının və ictimai məkanlardan düzgün istifadənin bu ilin ideoloji mahiyyətinin əsas tərkib hissəsi olduğunu bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsi Azərbaycanın inkişaf yolunda yeni keyfiyyət mərhələsinin başlanğıcıdır və bu Sərəncam ölkənin estetik zövqünü, mədəni yaddaşını və gələcək nəsillər üçün formalaşdırılan yaşayış fəlsəfəsini əhatə edir.