🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Xarici işlər naziri Ceyhun Bayramov Kolumbiya səfirini qəbul edib

Azərbaycan.media xəbər verir ki, 22 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Kolumbiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Luis Fernando Kuartas Ayalanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Görüşdə  Nazir Ceyhun Bayramov iki ölkə arasında mövcud münasibətlərin inkişafını məmnunluqla qeyd edərək, səfirin bu istiqamətdə göstərdiyi səylərə görə təşəkkürünü bildirib.

Görüş zamanı Azərbaycan və Kolumbiya arasında siyasi dialoqun qorunub saxlanılması və inkişaf etdirilməsində qarşılıqlı səfər və təmasların, eləcə də siyasi və konsulluq məsləhətləşmələrinin əhəmiyyəti vurğulanıb. Nazir Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyası (COP29) çərçivəsində Kolumbiya xarici işlər naziri Luis Gilberto Muriyo ilə keçirdiyi görüşü xatırladaraq, bu cür təmasların ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafında mühüm rol oynadığını bildirib.

Həmçinin, tərəflər Azərbaycan və Kolumbiya arasında ikitərəfli əməkdaşlığın, eləcə də BMT və Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın vacibliyini qeyd ediblər.

Nazir Ceyhun Bayramov səfir Luis Fernando Kuartas Ayalanın Azərbaycan–Kolumbiya münasibətlərinin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar.