🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Xəzərdə dəniz kruizləri başlayır: Bakı və bölgələr yeni turizm marşrutunda

Azərbaycan.media xəbər verir ki, 2026-cı ildə Xəzəryanı şəhərləri birləşdirəcək dəniz kruizlərinin təşkili planlaşdırılır. Bu marşrut üzrə səfərlər edəcək Rusiyaya məxsus “Nikolay Jarkov” adlı teploxodun növbəti ildən naviqasiyaya başlaması nəzərdə tutulur.

Turizm ekspertlərinin fikrincə, layihə Azərbaycanda turizmin inkişafına ciddi təkan verəcək. Turizm sahəsi üzrə ekspert Rəhman Quliyev bildirib ki, Xəzər dənizində kruiz səfərlərinin təşkili regionun turizm xəritəsini əhəmiyyətli dərəcədə dəyişəcək.

Onun sözlərinə görə, bu layihə Bakı ilə yanaşı, Lənkəran, Neftçala və Nabran kimi ərazilərin də liman şəhərlərinə çevrilməsinə imkan yaradacaq:

“Xəzər dənizində gəmi kruizlərinin fəaliyyəti Azərbaycan turizmini yeni mərhələyə daşıyacaq. Bu, həm əcnəbi, həm də yerli turistlərin böyük marağına səbəb olacaq və Azərbaycanı gəmi turları sahəsində ciddi şəkildə tanıdacaq”, – deyə ekspert vurğulayıb.

Qeyd olunur ki, kruiz marşrutlarının işə düşməsi bölgələrdə turizm infrastrukturunun inkişafına, yeni iş yerlərinin yaranmasına və xidmət sektorunun genişlənməsinə də müsbət təsir göstərəcək.