Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyev aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncam Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə əsasən, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə qəbul edilib.
Sənədə əsasən, 2025-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 200 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.
Bu məqsədlə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Qanunun tətbiqi ilə bağlı Prezidentin 27 dekabr 2024-cü il tarixli Fərmanında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitdən 15 milyon 300 min manat ayrılması tapşırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik maddi yardımın müvafiq ailələrə ödənilməsini təmin etməlidir. Nazirlər Kabineti və Maliyyə Nazirliyinə isə sərəncamdan irəli gələn məsələlərin həlli həvalə olunub.
