Azərbaycan.media xəbər verir ki, Finlandiya Prezidenti Aleksandr Stubb Rusiyanın Ukraynaya qarşı əsas məqsədinin dəyişmədiyini bildirib.
Onun sözlərinə görə, Rusiya hələ də Ukraynanın varlığını məhv etmək niyyətindədir və bu strategiyadan geri çəkildiyinə dair heç bir əlamət yoxdur.
Aleksandr Stubb Rusiyanın mövcud vəziyyətinin həm iqtisadi, həm də hərbi baxımdan mürəkkəb olduğunu vurğulayıb: “Rusiya iqtisadiyyatı o qədər də yaxşı deyil. İqtisadi artım faktiki olaraq sıfırdır, ehtiyatlar tükənib, faiz dərəcələri və inflyasiya isə yüksəkdir”.
Finlandiya Prezidenti döyüş meydanındakı vəziyyətə də toxunaraq qeyd edib ki, Moskvanın hərbi uğurları məhduddur: “Unutmayaq ki, son 1000 gün ərzində Rusiya Ukrayna ərazisinin bir faizindən də az hissəsini ələ keçirə bilib”.
Stubbun fikrincə, bu göstəricilər Rusiyanın həm iqtisadi, həm də hərbi baxımdan ciddi çətinliklərlə üzləşdiyini açıq şəkildə nümayiş etdirir.
