Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyev 2026-cı ilin Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan şəhərsalma və memarlıq ənənələri çoxəsrlik zəngin tarixə malikdir. İpək Yolu üzərində yerləşən və Şərq ölkələri ilə sıx iqtisadi, siyasi və mədəni əlaqələr quran qədim şəhərlərimizin formalaşmasında qiymətli memarlıq abidələri mühüm rol oynayıb. Tarixi şəhərlərimiz müxtəlif dövrlərin memarlıq tendensiyalarına uyğun inkişaf etsə də, yerli mədəniyyətin əsas xüsusiyyətlərini qoruyub saxlayıb.
Sənəddə vurğulanır ki, ölkə ərazisində dövlət tərəfindən mühafizə olunan qalalar, karvansaralar, məscidlər, məbədlər və türbələr milli memarlığın parlaq ənənələrini əks etdirir. Möminə xatun türbəsi, Xudafərin körpüsü, “Atəşgah” kompleksi kimi dünya əhəmiyyətli abidələr Azərbaycan memarlığının rəmzlərinə çevrilib. UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş İçərişəhər, Şirvanşahlar sarayı kompleksi, Qız qalası, Şəkinin tarixi mərkəzi və Xan sarayı şəhərsalma və memarlıq sənətimizin dünya inciləri sırasında xüsusi yer tutur.
Sərəncamda həmçinin XIX əsrin ortalarından etibarən Bakı şəhərində Şərq və Qərb memarlığının sintezində formalaşan unikal memarlıq üslubuna, XX əsrdə Mikayıl Hüseynov və Sadıq Dadaşovun fəaliyyətinə, eləcə də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə şəhərsalma və memarlıq sahəsində görülən sistemli işlərə diqqət çəkilir.
Müstəqillik dövründə Heydər Əliyev Mərkəzi, Alov qüllələri, Ağ şəhər kompleksi kimi modern memarlıq nümunələrinin inşası paytaxtın və regionların simasını əhəmiyyətli dərəcədə dəyişib. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, xüsusilə Şuşa şəhərinin tarixi memarlıq mühitinin bərpası dövlətin şəhərsalma siyasətinin əsas prioritetlərindən biri kimi göstərilir.
Sərəncamda qeyd olunur ki, 2026-cı ildə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasının (WUF13) Bakıda keçirilməsi Azərbaycanın dayanıqlı şəhərsalma sahəsində beynəlxalq rolunun artdığını təsdiqləyir.
Sərəncama əsasən, Prezident Administrasiyası 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini bir ay müddətində hazırlayaraq Prezidentə təqdim etməlidir.
