Azərbaycan.media xəbər verir ki, Azərbaycan xalça sənəti xalqın estetik düşüncəsini, dünyagörüşünü və mənəvi dəyərlər sistemini əks etdirən ən mühüm dekorativ-tətbiqi sənət sahələrindən biridir. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Rəssamlar İttifaqının üzvü Lalə Hüseynova bildirib.
Onun sözlərinə görə, minilliklər boyu formalaşmış Azərbaycan xalçaları təkcə məişət və ya dekorativ məqsədlərlə istifadə olunan sənət nümunələri deyil, eyni zamanda xalqın tarixi yaddaşını, sosial quruluşunu və simvolik düşüncə sistemini daşıyan mədəni mətnlərdir. Xalçalarda yer alan motivlər milli kimliyin, regional xüsusiyyətlərin və kollektiv mədəni təcrübənin vizual ifadəsi kimi çıxış edir.
Rəssam qeyd edib ki, Qarabağ, Quba, Şirvan, Gəncə-Qazax, Naxçıvan və Təbriz xalça məktəbləri motiv zənginliyi və kompozisiya quruluşuna görə bir-birindən fərqlənsə də, ümummilli simvolik sistemi formalaşdırır. Bu sistemdə qadınla bağlı anlayışlar xüsusi yer tutur. Azərbaycan mədəniyyətində qadın həyatın davamlılığının, bolluğun, ailə dəyərlərinin və yaradıcı enerjinin əsas daşıyıcısı kimi qəbul edilib.
Lalə Hüseynova vurğulayıb ki, xalça ornamentikasında qadın anlayışı birbaşa fiqurativ təsvirlə deyil, simvolik işarələr vasitəsilə ifadə olunur. Ana bətnini xatırladan romb və çoxbucaqlı formalar, həyat ağacı, buta, spiral, əl və su motivləri qadının həyatverici və qoruyucu funksiyalarını simvolizə edir. Müxtəlif dövrlərdə və bölgələrdə bu motivlərin forması dəyişsə də, daşıdığı əsas məna sabit qalıb.
Rəssamın fikrincə, xalça motivləri eyni zamanda etnoqrafik və tarixi sənəd funksiyası daşıyır. Ornamentlərin ritmik təkrarı, rəng həlli və kompozisiya quruluşu müəyyən dövrün estetik zövqü, sosial quruluşu və dünyagörüşü haqqında məlumat verir. Bu fakt isə qadının yalnız icraçı deyil, mədəni yaddaşın qoruyucusu və ötürücüsü olduğunu göstərir.
Lalə Hüseynova bildirib ki, öz yaradıcılığında qadın elementi Azərbaycan xalça ornamentikasının simvolik dili ilə birləşdirilərək müasir vizual kompozisiyalarda təqdim olunur. Onun əsərlərində qadın obrazı birbaşa təsvirlərdən çox, abstrakt və simvolik elementlər vasitəsilə ifadə edilir və bu yanaşma qadın anlayışını həm milli, həm də ümumtürk mədəni kontekstində yeni estetik və semantik çalarlarla zənginləşdirir.
