TƏCNİSVARİ
Əvvəllər də bu göydü, bu yer idi,
Qara qəmlər üstünəcə yeridi…
İndi bircə addım önə yeri di,
Nə azaldar sinəndəki göynəmi,
Buludlarda saxlayır ha göy nəmi…
Bir namərd var, o elə hər yerdəmi,
Axtardığın səmadamı, yerdəmi…
Özünə bir yer edəmmir Yer də mi,
Bu say-hesab nə hesabdı, nə saydı,
Xeyirini, zərərini kim saydı…
Gah, gah deyib sonra söylə ya, ya, bax,
Ox köksündə, gizlədilən yaya bax…
Gül adamlar gül qoxusu yaya, bax,
İslaqdı ki, əlindəki o yaylıq,
Bizim hava nə qışlıqdı, nə yaylıq…
Müəllif: Şakir Xanhüseynli
Mənbə: Azərbaycan.media
