Azərbaycan.media xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Moskva yaxınlığında yerləşən “Maşenka” çörəkxanasında hazırlanan pirojkilərdən dadıb.
Bu barədə RIA Novosti məlumat yayıb. Bildirilir ki, dövlət başçısı çayı “Voloqda” albalı mürəbbəsi ilə içib. Sözügedən mürəbbə “Voloqda Meşə Məhsulları Qida Kombinatı” tərəfindən istehsal olunur. Həcmi 370 qram olan mürəbbənin qiyməti 270–300 rubl arasında dəyişir. Müəssisə albalı ilə yanaşı, ərik, şaftalı, zoğal, moruq, mərcanı və digər giləmeyvələrdən də mürəbbə istehsal edir.
Xatırladaq ki, dekabrın 19-da keçirilən “İlin yekunları” proqramı zamanı “Maşenka” çörəkxanasının sahibi Denis Maksimov 2026-cı ildən fərdi sahibkarlar üçün tətbiq ediləcək yeni vergi sistemi ilə bağlı Prezident Vladimir Putinə sual ünvanlamışdı. Prezident isə dəyişikliklərin biznesə zərər vurmamalı olduğunu bildirmişdi.
Bundan sonra Denis Maksimov dövlət başçısına kələmli, kartoflu, soğan-yumurtalı və təzə giləmeyvəli, ənənəvi rus resepti ilə hazırlanan pirojkalar göndərəcəyinə söz verib və vədini yerinə yetirib.
